SİPER 2-dən kritik uğur: Manevr edən hədəf tam dəqiqliklə vuruldu

2026/06/1781609093.jpg
Oxunub: 212     15:24     16 İyun 2026    
Türkiyənin uzun mənzilli hava hücumundan müdafiə və raketdən müdafiə sistemi SİPER 2 son sınaq atışı zamanı manevr edən hədəfi uğurla məhv edərək daha bir mühüm mərhələni geridə qoyub.

Ordu.az xəbər verir ki, sınaqdan sonra Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ASELSAN və ROKETSAN rəhbərləri sistemin göstəriciləri ilə bağlı açıqlamalar veriblər.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sosial media hesabında paylaşdığı məlumatda SİPER 2-nin kritik imkanlarından birini uğurla nümayiş etdirdiyini bildirib.

Görgün qeyd edib ki, paylanmış arxitektura əsasında fəaliyyət göstərən və strateji səviyyədə mühüm rol oynayan uzun mənzilli regional hava hücumundan müdafiə və raketdən müdafiə sistemi SİPER 2 manevr edən hədəfi uğurla məhv edib.

“SİPER 2 mövcud SİPER 1 sistemi ilə müqayisədə daha uzun mənzildə və daha yüksək hündürlükdə fəaliyyət göstərəcək. Sistem hava hücumundan müdafiə və raketdən müdafiə sahəsində mühüm rol oynayacaq.

Milli təhlükəsizlik məsələsi kimi qiymətləndirdiyimiz hava hücumundan müdafiə sistemlərimizin effektivliyini və çəkindirmə qabiliyyətini ən qabaqcıl imkanlarla daha da gücləndirməkdə qərarlıyıq”, - deyə o qeyd edib.

ASELSAN-ın baş direktoru Ahmet Akyol da sınaqdan sonra açıqlamasında SİPER 2-nin mürəkkəb hədəf ssenarisini uğurla yerinə yetirdiyini bildirib.

Akyol qeyd edib ki, SİPER 2 ilə mürəkkəb manevrlər edən hədəf tam dəqiqliklə vurulub və sistemin seriyalı istehsalı davam edir.

O əlavə edib ki, “Çelik Kubbe” layihəsi müasir döyüş meydanının tələblərinə uyğun oyunun qaydalarını dəyişən imkanlarla daha da gücləndiriləcək.

ROKETSAN-ın baş direktoru Murat İkinci isə sınağın nəticələrini “tam dəqiqlik, tam uğur” sözləri ilə qiymətləndirib.

İkinci bildirib ki, “Göy Vətən”in qalası olan SİPER 2 sınaq atışını uğurla başa vuraraq imkanlarını bir daha sübut edib.

ROKETSAN tərəfindən yayılan açıqlamada da uzun mənzilli regional hava hücumundan müdafiə və raketdən müdafiə sisteminin sınaq zamanı hədəfi tam dəqiqliklə vurduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, “Çelik Kubbe”nin zərbə gücü olan SİPER 2 növbəti dəfə çəkindirmə qabiliyyətini nümayiş etdirib.

Türkiyə Milli Müdafiə Nazirliyi də yaydığı məlumatda Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan yerli və milli SİPER hava hücumundan müdafiə sisteminin daha bir mühüm mərhələni keçdiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, yüksək sürətli və manevrli hədəf ssenarisini icra edən “Süper Şimşek” hava hədəfi uğurla məhv edilib və bu sınaqdan sonra sistem Tam Əməliyyat Qabiliyyəti səviyyəsinə çatıb.

ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE tərəfindən birgə hazırlanan SİPER Türkiyənin milli və təbəqəli hava hücumundan müdafiə arxitekturasının ən üst qatını təşkil edir.

Sistem döyüş təyyarələri, qanadlı raketlər, “hava-yer” raketləri, strateji pilotsuz uçuş aparatları, müxtəlif tipli pilotsuz uçuş aparatları və helikopterlər kimi hava təhdidlərinə qarşı fəaliyyət göstərmək üçün hazırlanıb.

SİPER hava hücumundan müdafiənin planlaşdırılması və koordinasiyası, vahid hava mənzərəsinin yaradılması, təhdidlərin qiymətləndirilməsi və silahların təyin edilməsi, “dost-düşmən” tanınması, çoxsaylı hədəf və radar məlumatlarının birləşdirilməsi, ikitərəfli raket rabitəsi və aktiv radar axtarış başlığı kimi qabaqcıl imkanlara malikdir.

Yayımlanan texniki məlumatlara əsasən, SİPER 1-in maksimal önləmə mənzili 70 kilometrdən çox olduğu halda, SİPER 2-nin önləmə mənzili 150 kilometrdən artıqdır. SİPER 2-nin önləmə hündürlüyünün isə 30 kilometrə çatdığı bildirilir.

Sistem 360 dərəcə nişanalma imkanına malikdir və eyni anda 100 hədəfi izləyə bilir. Batareya səviyyəsində isə eyni vaxtda 10 hədəfə nişanalma həyata keçirilə və 20 raket idarə oluna bilir.

Son sınaq atışı ilə SİPER 2-nin Türkiyənin uzun mənzilli hava hücumundan müdafiə və raketdən müdafiə imkanlarını gücləndirəcək əsas elementlərdən birinə çevrilməsinə daha bir addım atdığı qiymətləndirilir.

ASELSAN-dan 780 milyon avroluq hava hücumundan müdafiə müqaviləsi

ASELSAN Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə hava hücumundan müdafiə sistemlərinin təchizatına dair 780 milyon avro dəyərində yeni müqavilə imzaladığını açıqlayıb.

Şirkətin rəsmi sosial media hesabında yayılan məlumatda müqavilənin hava hücumundan müdafiə sistemlərinin təchizatını əhatə etdiyi bildirilib.

Məlumata görə, təhvil prosesi 2028-2032-ci illər ərzində həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SİPER-2   Türkiyə   ASELSAN   ROKETSAN  


Bizi "telegram"da izləyin