Erməni politoloq: “ABŞ-nin Cənubi Qafqaza artan marağı və NATO-nun planları eyni strateji xəttin tərkib hissəsidir”

2026/06/1781509012.jpg
Oxunub: 197     15:13     16 İyun 2026    
“ABŞ-nin Cənubi Qafqaza artan marağı və NATO-nun Türkiyə ilə Şərqi Avropanın enerji infrastrukturunun genişləndirilməsinə yönəlmiş planları birlikdə nəzərdən keçirildikdə daha dərin bir tendensiya aydın görünür. Enerji infrastrukturu getdikcə daha açıq şəkildə hərbi planlaşdırma və təsir alətinə çevrilir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Türkiyə NATO-nun yanacaq şəbəkəsinin genişləndirilməsi proqramında geniş şəkildə iştirak edir və layihənin dəyəri təxminən 28 milyard ABŞ dolları təşkil edir.

“Burada söhbət sadəcə logistikanın modernləşdirilməsindən getmir. Məqsəd hərbi mobilliyin enerji təminatına xidmət edən vahid sistemin formalaşdırılmasıdır”, - deyə Davtyan bildirib.

Onun sözlərinə görə, layihəyə aşağıdakı istiqamətlər daxildir:

- Trakiyadakı yeraltı boru kəmərlərinin Türkiyənin cənub bölgələri ilə birləşdirilməsi,
- Mersin bölgəsində yerləşən obyektlərin və “İncirlik” aviabazasının vahid yanacaq təchizatı şəbəkəsinə inteqrasiyası,
- Sistemin Şərqi Avropaya doğru mümkün genişləndirilməsi,
- Təxminən 1,2 milyard dollar dəyərində Türkiyə-Rumıniya boru kəmərinin layihələndirilməsi.

Ermən I ekspert vurğulayıb ki, praktiki olaraq uzunluğu 10 min kilometrə qədər çatan NATO logistik infrastrukturu formalaşdırılır.

“Bu infrastruktur hərbi əməliyyatların effektivliyinin artırılmasına və yanacaq təminatında müstəqilliyin gücləndirilməsinə yönəlib”, - deyə o qeyd edib.

Vahe Davtyan hesab edir ki, bu fonda ABŞ-nin TRIPP (Zəngəzur dəhlizi-red.) və Avropa İttifaqının “Global Gateway” təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir.

“Artıq söhbət yalnız iqtisadi təsirdən getmir. Məsələ regionun daha geniş strateji-logistik sistemə mərhələli şəkildə inteqrasiya olunmasından ibarətdir”, - deyə ekspert bildirib.

O əlavə edib ki, müasir geosiyasi rəqabət ərazilərə nəzarətdən daha çox infrastruktur axınlarına, xüsusilə enerji axınlarına nəzarət müstəvisinə keçib.

“Və məhz bu nöqtədə Cənubi Qafqaz və Şərqi Avropa Şərq-Qərb istiqamətində vahid strateji xəttin tərkib hissələri kimi nəzərdən keçirilməyə başlayır”, - deyə Davtyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   Ermənistan  


Bizi "telegram"da izləyin