“Eurosatory 2026” Parisdə qapılarını açıb

2026/06/1781592969.jpg
Oxunub: 260     10:56     16 İyun 2026    
Avropanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan “Eurosatory 2026” 15-19 iyun tarixlərində Fransanın paytaxtı Parisdə yerləşən “Parc des Expositions de Paris-Nord Villepinte” sərgi mərkəzində fəaliyyətə başlayıb.

Ordu.az xəbər verir ki, 1967-ci ildən keçirilən və iki ildən bir təşkil olunan sərgi bu il tarixinin ən genişmiqyaslı tədbiri kimi diqqət çəkir.

Əldə edilən məlumata görə, 2026-cı il sərgisində 2500-dən çox iştirakçı yer alıb. Onlar 65-dən artıq ölkəni təmsil edir. Sərgidə ilk dəfə iştirak edən 500-dən çox yeni şirkət, 40 milli pavilyon və 13 texniki klaster mövcuddur.

Tədbirdə 100 mindən çox müdafiə və təhlükəsizlik mütəxəssisinin iştirak edəcəyi gözlənilir. Onların arasında nazirlər, baş qərargah rəisləri və dövlət satınalma qurumlarının nümayəndələri də var.

“Eurosatory 2026”nın əsas mövzusu müasir döyüş meydanının reallıqlarını əks etdirən beş strateji istiqamət üzərində qurulub. Bu istiqamətlərə quru, hava, kosmos və kiberməkanda eyni vaxtda üstünlüyün təmin edilməsi, uzaq məsafədən nişanalma imkanları, quru manevri və hava hərəkətliliyi, kompleks təhlükəsizlik yanaşması və sənaye dayanıqlılığı daxildir.

“Eurosatory 2026” Avropa İttifaqının “ReArm Europe” planının qəbulundan sonra keçirilən ilk böyük müdafiə sərgisi olması ilə də seçilir. Həmin plan çərçivəsində dörd il ərzində müdafiənin inkişafı və modernləşdirilməsi üçün təxminən 800 milyard avro vəsaitin səfərbər olunması nəzərdə tutulur.

Türkiyə müdafiə sənayesindən güclü iştirak

Türkiyə bu il sərgidə 50-dən çox şirkətlə təmsil olunur.

İştirakçılar arasında ASELSAN, “Makine ve Kimya Endüstrisi A.Ş.”, HAVELSAN, BMC, “Ctech”, “Otokar”, “Altınay Savunma”, CES, “Miilux OY” və “Vipulse Teknoloji” kimi şirkətlər yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory-2026   Paris   Sərgi  


Bizi "telegram"da izləyin