Ordu.az xəbər verir ki, bu barədə Silah və Hərbi Texnikanın Sınaqları və Sertifikatlaşdırılması üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi polkovnik Oleksandr Zaruba “Rusiya Federasiyasının mülki infrastruktura qarşı hava hücumu vasitələrindən istifadəsi: texniki və humanitar aspektlər” adlı tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, raket uçuşun son mərhələsində saxta hədəflər, dipol əks etdiricilər və istilik tələləri buraxan yenilənmiş 9B899 modulu ilə təchiz olunub.
Bort sistemləri aktiv darama rejimində fəaliyyət göstərmək və hava hücumundan müdafiə radarlarının müşahidə zonalarındakı “kor nöqtələri” müəyyən etmək üçün uyğunlaşdırılıb. Bundan əlavə, proqram təminatı mütəmadi olaraq yenilənir.
2023-2024-cü illərdən sonra istehsal edilən yeni raket versiyalarında optik axtarış başlığından alınan təsvirləri emal edən daha sürətli prosessorlardan istifadə olunur. Bu da hədəfin tanınması, aşkarlanması və məhv edilmə ehtimalını artırır.
İstehsalın artırılması məqsədilə Şimali Koreyanın KN-23 raketində istifadə olunan texniki həllər və komponentlər “İskander-M” sisteminə inteqrasiya edilib. Lakin Zaruba qeyd edib ki, son dövrlərdə Şimali Koreyadan təhvil verilmiş real KN-23 raketlərinin istifadəsi qeydə alınmayıb.
“Bu raketdə Rusiya istehsalı olan elektron komponentlərin payı 90 faizə çatıb. Bununla belə, Qərb istehsalı elektronika da hələ mövcuddur. Raket üçün nüfuzedici və beton deşən variantlar da daxil olmaqla yeddi növ döyüş başlığı hazırlanıb. Bu raketlərdən aerodromlara qarşı istifadə edilir və əsas məqsəd taktiki aviasiyamızı məhv etməkdir. Xüsusilə F-16 təyyarələri hədəf alınır”, - deyə Oleksandr Zaruba bildirib.
2026-cı ilin yazına olan məlumata görə, aylıq “İskander-M” ballistik raket istehsalı 60 ədəd, “İskander-K” qanadlı raket istehsalı isə 10 ədəd təşkil edir. Bundan əlavə, tədqiqatçılar Rusiyanın şərti olaraq “İskander-1000” adlandırılan yeni versiya üzərində işlədiyini də təsdiqləyiblər.
Yeni raketin uçuş məsafəsinin 1000 kilometrə qədər artırılması nəzərdə tutulur. Bu göstəriciyə daha yüksək enerjili yanacaq və daha güclü mühərrik hesabına nail olunması planlaşdırılır.
“Militarnyi” redaksiyasının əldə etdiyi raket sistemlərinə dair satınalma sənədlərinin təhlili zamanı 9M723-2 indeksli raket sifarişi də aşkar edilib. Bu raketin “İskander-1000” layihəsi ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
Sənədlərə əsasən, 2025-ci ildə 18 ədədlik kiçik partiyanın istehsalı planlaşdırılıb. Hər raketin dəyəri təxminən 221 milyon rubl və ya 2,5 milyon dollar qiymətləndirilib.
2026-cı ilin iyunun əvvəlinə qədər bu tip raketlərin 500 kilometrdən artıq məsafələrə qarşı istifadəsi qeydə alınmadığından, mütəxəssislər həmin versiyanın hələ də inkişaf və sınaq mərhələsində olduğunu ehtimal edirlər.
Sevinc Əliyeva
Ordu.az