ASELSAN ilə 780 milyon avroluq müqavilə imzalanıb

2026/06/1781597262.jpg
Oxunub: 239     12:07     16 İyun 2026    
ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair ümumi dəyəri 780 milyon avro olan müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə hazırlanan və hava hücumundan müdafiə sahəsindəki bütün komponentləri əhatə edən “Polad Günbəz” layihəsi Türkiyənin təbəqəli hava hücumundan müdafiə arxitekturasını formalaşdıran yerli və milli “sistemlər sistemi” kimi ön plana çıxır.

“Göy Vətən” konsepsiyasının əsas elementlərindən biri olan Çoxtəbəqəli Hava Hücumundan Müdafiə Sistemi “Polad Günbəz” bütün hündürlük və məsafələrdə hava məkanındakı müxtəlif təhdidləri zərərsizləşdirə bilir.

Bütün təbəqələri tamamlanaraq silahlanmaya qəbul edilən “Polad Günbəz”in ən aşağı təbəqəsində daha çox sürü pilotsuz uçuş aparatlarına və kamikadze tipli pilotsuz uçuş aparatlarına qarşı xərc baxımından səmərəli müdafiə təmin edən Dronedef elementləri, KORKUT və GÜRZ kimi sistemlər, eləcə də müxtəlif radarlar yerləşir.

“Polad Günbəz”in orta təbəqəsində HİSAR, yuxarı təbəqəsində isə SİPER sistemi yer alır. Sistem öz tərkibində çoxsaylı hava hücumundan müdafiə silah sistemlərini, radarları, elektro-optik həlləri, rabitə modullarını, komanda-idarəetmə məntəqələrini və süni zəka texnologiyalarını birləşdirir.

Bu xüsusiyyətləri ilə “Polad Günbəz” Türkiyənin hava hücumundan müdafiə sahəsində əsas idarəetmə beyni rolunu oynayır. “Polad Günbəz” daxilindəki sistemlərin koordinasiyalı fəaliyyətini idarə edəcək HAKİM idarəetmə həlli ilə yanaşı, aşkarlama sistemləri və rabitə həlləri də ASELSAN tərəfindən hazırlanır.

Hava hücumundan müdafiə qabiliyyəti ASELSAN-ın yarım əsrdən artıq müddətdə formalaşdırdığı texnoloji təcrübənin birləşməsi nəticəsində yaradılmış oyun dəyişdirən imkan kimi qiymətləndirilir.

Daim yeni imkanlar qazanan “Polad Günbəz” sistemi yeni komponentlərin əlavə olunması ilə gücünü artırmağa davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin