Rusiyanın büdcəsində hər ikinci rubl demək olar ki, müharibəyə xərclənib

2026/06/vcbcv-1781601002.jpg
Oxunub: 193     13:07     16 İyun 2026    
2026-cı ilin ilk rübündə Rusiya hərbi xərclərini ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artırıb. Bu, Kremlin müdafiə xərclərinin iqtisadiyyatda payını tədricən azaltmaq niyyətini bəyan etməsinə baxmayaraq baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun (SWP) eksperti Yanis Kluqenin Rusiya Federasiyasının 2026-cı ilin ilk rübü üzrə federal büdcə məlumatları əsasında hazırladığı təhlildə bildirilib.

Onun hesablamalarına görə, Rusiyanın yanvar-mart aylarında hərbi xərcləri 5,9 trilyon rubla çatıb. Bu göstərici ötən ilin eyni dövründə 4,5 trilyon rubl olub.

Beləliklə, artım təxminən 30 faiz təşkil edib. Artımın əsas səbəbi məxfi büdcə xərclərinin yüksəlməsi olub. Bu kateqoriya üzrə xərclərin həcmi illik müqayisədə 43 faiz artaraq 3,4 trilyon rubldan 4,9 trilyon rubla yüksəlib.

Ümumilikdə, Rusiyanın 2026-cı ilin ilk rübü üçün federal büdcəsində 12,8 trilyon rubl məbləğində xərc nəzərdə tutulmuşdu. Bu məbləğin 38,2 faizi məxfi xərclərdən ibarət olub ki, bu da müşahidə olunan dövr ərzində rekord göstərici hesab edilir.

Rusiyanın mövcud büdcə qanunvericiliyinə əsasən, bütün məxfi xərclərin təxminən 85 faizi silahların alınması, hərbi texnikanın istehsalı və silahlı qüvvələrin təminatı da daxil olmaqla birbaşa hərbi ehtiyaclarla bağlıdır.

Maraqlıdır ki, 2026-cı il üçün rəsmi büdcədə hərbi xərclərin ümumi daxili məhsulun 7,8 faizindən 6,2 faizinə endirilməsi nəzərdə tutulurdu.

Lakin artıq birinci rübün sonunda hərbi xərclər Rusiyanın illik proqnozlaşdırılan ÜDM-nin təxminən 2,5 faizinə bərabər olub. Rüblük iqtisadi göstəricilərlə müqayisədə isə hərbi xərclər ölkənin nominal ÜDM-nin təxminən 12 faizini təşkil edib.

“InVEB” analitiklərinin hesablamalarına görə, həmin dövrdə Rusiya iqtisadiyyatının həcmi təxminən 48,4 trilyon rubl olub. Federal büdcənin strukturunda hərbi xərclərin payı bütün xərclərin təxminən 46 faizini təşkil edib.

Başqa sözlə, Kremlin ilk rübdə xərclədiyi demək olar ki, hər ikinci rubl müharibə ilə əlaqəli olub. Eyni zamanda, bu dövrdə Rusiyanın büdcə gəlirləri cəmi 8,3 trilyon rubl təşkil edib.

Beləliklə, hərbi xərclər federal büdcə gəlirlərinin təxminən üçdə ikisinə bərabər olub.

Yanis Kluqe qeyd edir ki, bu kəskin artım qismən “mühasibat akrobatikası” ilə izah oluna bilər.

Bu, 2025-ci ilin sonundakı bəzi məxfi xərclərin formal olaraq ötən ilin büdcə kəsiri hədəflərinə uyğun gəlmək məqsədilə 2026-cı ilin əvvəlinə keçirilməsi ehtimalını ifadə edir. Rusiyanın hərbi xərclərinin real miqyasını tam qiymətləndirmək yalnız ikinci rüb üzrə ətraflı statistika dərc olunduqdan sonra mümkün olacaq.

Mövcud tendensiyalar davam edərsə, 2026-cı ildə müharibə xərcləri Rusiyanın ÜDM-nin 9-10 faizinə çata bilər ki, bu da Kremlin rəsmi büdcə planlarını əhəmiyyətli dərəcədə üstələyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kreml   Müharibə  


Bizi "telegram"da izləyin