Ordu.az xəbər verir ki, bunu erməni müxalif siyasi fəal Artur Danielyan sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, gözlənilən fəlakət barədə əvvəldən xəbərdarlıqlar olsa da, bir çox insan vəziyyətin düzələcəyinə ümid edib.
“Yenə deyirəm, hamınız bilirdiniz ki, fəlakət olacaq, amma özünüzü aldadaraq bundan yayınacağımıza ümid edirdiniz. İndi isə görünür, artıq özünüaldatma da işləmir. Hələ də başını quma basdırmaq istəməyənlər üçün bir neçə arqument təqdim edim”, - deyə Danielyan yazıb.
Danielyanın sözlərinə görə, bir neçə gün əvvəl hökumət iclas keçirib və iclasda ölkənin bərpa olunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərin demək olar ki, bütün nümayəndələri iştirak ediblər.
“Əsas mövzu belə idi: qaz kəsiləndə nə edəcəyik? Təbii ki, heç bir məntiqli həll yolu tapılmadı. Səbəb isə bütün digər sahələrdə olduğu kimi hökumət üzvlərinin səriştəsizliyidir. Bu insanlar çox mürəkkəb problemlərə çox sadə “həllər” verməyə, hər şeyi korlamağa və günahı başqalarının üzərinə atmağa öyrəşiblər”, - deyə o qeyd edib.
Danielyan vurğulayıb ki, problem həqiqətən də mürəkkəbdir. Onun sözlərinə görə, elektrik enerjisinə gündəlik tələbat gecə saatlarında minimum səviyyəyə düşür, səhər yüksəlir, günorta azalır və axşam insanlar evə qayıtdıqda yenidən artır.
“Çətinlik ondadır ki, günəş enerjisi istehsalının pik nöqtəsi məhz tələbatın azaldığı vaxta təsadüf edir. Yəni günəş insanların istifadə etmədiyi elektrik enerjisi istehsal edir. Bu isə şəbəkəyə böyük yük yaradır, dalğalanmalara, kəsintilərə və qəzalara səbəb olur”, - deyə o bildirib.
Danielyan qeyd edib ki, su elektrik stansiyalarının istehsal gücünü nəzəri cəhətdən tənzimləmək mümkündür.
“Məsələn, pik saatlarda su axınını artırmaq, günorta və gecə isə azaltmaq olar. İstilik elektrik stansiyalarının, hətta atom elektrik stansiyalarının da istehsal gücünü müəyyən qədər tənzimləmək mümkündür. Günəş enerjisində isə bu mümkün deyil. Əgər enerji toplama stansiyaları yoxdursa, günəş enerjisini idarə etmək olmur. Belə texnologiyalar isə son dərəcə bahalı və hələ də kifayət qədər səmərəli deyil”, - deyə o vurğulayıb.
Erməni siyasətçi daha sonra hökuməti sərt şəkildə tənqid edib və ölkədə müxtəlif sahələrin böhran vəziyyətinə düşdüyünü iddia edib.
“Əgər mifologiyada Kral Midas toxunduğu hər şeyi qızıla çevirirdisə, bu adam toxunduğu hər şeyi, təhlükəsizlik, diplomatiya, təhsil, səhiyyə, maliyyə, demokratiya... hər şeyi məhv edir”, - deyə o bildirib.
Danielyanın sözlərinə görə, hökumətin həmin iclasında Avropa ölkələrinin problemin həlli üçün maliyyə yardımı göstərə biləcəyi də qeyd olunub.
“Lakin məsələn, 2026-cı ilin büdcəsinə əsasən iyunun 30-dək təxminən 1 milyard dollar kredit cəlb olunmalı idi. Reallıqda isə göstərici mənfi 150 milyon dollar olub. Yəni yeni vəsait gəlməyib, əksinə köhnə kreditlər ödənilib”, - deyə o qeyd edib.
O bildirib ki, bu vəziyyət məmurları öz xərclərini 15 faiz azaltmağa məcbur edib.
“Dəftərxana ləvazimatlarından başlayaraq xidməti avtomobillərin yanacağına və xarici səfərlərə qədər hər şeydə qənaət edilməyə başlanılıb”, - deyə o yazıb.
Danielyan əlavə edib ki, Avropa tərəfi də problemi həll etməyə tələsmir.
“Bunun səbəblərindən biri Ermənistanda artıq legitim hakimiyyətin olmamasıdır. Heç kim seçkiləri saxtalaşdırmaqda ittiham olunan və bir gecənin içində çökə biləcək hakimiyyətə milyardlarla vəsait ayırmaq istəmir”, - deyə o bildirib.
Erməni siyasətçi hesab edir ki, dövlət bu problemi həll etməyəcək və vətəndaşlar özləri tədbir görməlidirlər.
“Mən bir il əvvəl dediyimi yenə təkrar edirəm, batareyalar, generatorlar tapın. Ailələrinizin problemlərini özünüz həll edin. Boş vədlərə inanmayın, möcüzə gözləməyin. Rejimin təbliğatçılarını, saxta hesabları və bizi Rusiya ilə müharibəyə, Azərbaycanla isə sülhə sövq etməyə çalışanları dinləməyin. Onların düşündüyü yeganə şey öz maraqlarıdır. Nə sizin evinizin isitmə problemi, nə də uşaqlarınızın çörəyi onları maraqlandıracaq”, - deyə o qeyd edib.
Danielyan sonda vurğulayıb ki, energetika böhran astanasında olan sahələrdən sadəcə biridir və ölkədə daha böyük problemlər də mövcuddur.
Alpər Mövludoğlu
Ordu.az