Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Rəsmi bildirib ki, İranın guya razılaşdığı müddəalar arasında nüvə materiallarının məhv edilməsi və ölkədən çıxarılması, nüvə proqramının tamamilə ləğvi, şərtlər yerinə yetirilənədək dondurulmuş vəsaitlərə çıxışın olmaması, Hörmüz boğazının açılması və silahlı qruplaşmaların maliyyələşdirilməsinin dayandırılması yer alır.
O, təklif olunan formatı “öhdəliklərin yerinə yetirilməsinə əsaslanan saziş” adlandırıb.
Daha əvvəl İran tərəfi vəsaitlərin dondurulmasının ləğv edilməyəcəyi təqdirdə razılaşmaya getməyəcəyini bildirmiş və silahlı qruplaşmaların maliyyələşdirilməsi məsələsinin müzakirəsini rədd etmişdi.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens də İranın dərhal maliyyə üstünlükləri əldə edəcəyi barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Onun sözlərinə görə, iqtisadi üstünlüklər Tehrana yalnız öhdəliklərini yerinə yetirdikdən sonra təqdim ediləcək.
“İlk növbədə, İran heç bir nağd vəsait əldə etmir və sadəcə sazişin imzalanmasına və ya görüşdə iştirakına görə heç bir vəsaitin dondurulması ləğv olunmayacaq”, - deyə Vens “X” sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, sazişin strukturu ABŞ və müttəfiqlərinin maraqlarının qorunmasına yönəlib və İran iqtisadi faydaları yalnız şərtləri yerinə yetirdikdən sonra əldə edə biləcək.
Prezident Donald Tramp isə daha əvvəl mediada yayılan mümkün saziş şərhlərini dəyərləndirərkən Tehranı “qeyri-səmimi” adlandırıb.
CNN daha əvvəl bildirmişdi ki, ABŞ ilə İran arasında aralıq saziş atəşkəs rejiminin uzadılması, Hörmüz boğazının açılması və nüvə proqramı ilə bağlı sonrakı danışıqları əhatə edə bilər.
İran dövlət mediası isə Tehranın boğaza nəzarətin təhvil verilməsinə razılaşmadığını və təxminən 24 milyard dollar həcmində dondurulmuş aktivlərinin açılmasını tələb etdiyini yazmışdı.
Donald Tramp bildirib ki, mediada yayımlanan şərtlər “yazılı şəkildə razılaşdırılmış məsələlərlə heç bir ortaq cəhət daşımır”.
Sevinc Əliyeva
Ordu.az