Kats: “İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını müstəqil şəkildə almaq imkanını qorumalıdır”

2024/12/1734591826.jpg
Oxunub: 237     21:37     12 İyun 2026    
İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, ABŞ ilə Tehran arasında mümkün saziş barədə xəbərlər fonunda İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını müstəqil şəkildə almaq imkanını qoruyub saxlamalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Kats bildirib ki, Baş nazir Benyamin Netanyahu və o, İsrail Müdafiə Ordusuna müvafiq ssenarilərə hazırlaşmaq tapşırığı veriblər.

“İsrail təmin etməlidir ki, gələcəkdə də İranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün müstəqil fəaliyyət göstərmək qabiliyyətimizi qoruyaq”, - deyə Katsın bəyanatında bildirilib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranla ABŞ maraqlarına, o cümlədən İsrail ilə ortaq marağa əsaslanan razılaşma əldə etmək üçün səylər göstərir. Həmin ortaq maraq İranın nüvə silahına sahib olmasının qarşısının alınmasıdır.

Bununla yanaşı, İsrailin müdafiə naziri Vaşinqtonun raket proqramı və müttəfiq silahlı qruplaşmalara dəstək məsələlərində də sərt mövqe saxlayacağına ümid etdiyini bildirib.

Kats eyni zamanda vurğulayıb ki, İsrail Livan, Suriya, Qəzza zolağı və İordan çayının qərb sahilinin şimal hissəsində hərbi mövcudluğunu qoruyacaq.

“Təhlükəsizlik doktrinamız aydın və qətidir. Biz yaxın və uzaq təhdidlərə qarşı fəaliyyət göstəririk və kompromis və güzəştlərə deyil, qəti nəticələrə nail olmağa çalışırıq”, - deyə nazir bildirib.

Bu açıqlama ABŞ-nin diplomatik razılaşmalara və atəşkəs təşəbbüslərinə üstünlük verən yanaşmasına dolayı tənqid kimi qiymətləndirilir.

Kats əlavə edib ki, “oyunda çox şey var” və İsrail onun sözləri ilə desək, “İranın rəhbərlik etdiyi şiə şər oxuna və “Müsəlman Qardaşları”nın rəhbərlik etdiyi sünni şər oxuna” qarşı sərt təhlükəsizlik siyasətini davam etdirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kats   İsrail   İran  


Bizi "telegram"da izləyin