Ukrayna Tatarıstan və Samara vilayətinin iri neft-kimya zavodlarına zərbələr endirib

2026/05/1779355395.jpg
Oxunub: 205     11:50     12 İyun 2026    
Ukrayna Silahlı Qüvvələri iyunun 12-nə keçən gecə Rusiyanın yanacaq-enerji kompleksinə aid üç obyektə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə monitorinq kanalları məlumat yayıb.

Məlumata görə, Tatarıstanın Nijnekamsk şəhərində Rusiyanın ən iri neft-kimya müəssisələrindən biri olan “Nijnekamskneftexim” zavodu hücuma məruz qalıb. “Sibur” şirkətinə məxsus müəssisə sintetik kauçuklar, plastiklər, monomerlər və poliefirlər istehsal edir.

Digər zərbə Nijnekamsk şəhərində yerləşən “Taneko” neft emalı zavoduna endirilib. Yayılan görüntülərdə qalın qara tüstü ilə müşayiət olunan iki güclü yanğın müşahidə olunur.

İlkin məlumata görə, müəssisənin neftin ilkin emalına xidmət edən iki əsas qurğusu və yanacaq saxlama parkı zərər görüb. “Tatneft” şirkətinə məxsus zavodun illik emal gücü 16,2 milyon ton təşkil edir.

Bundan əlavə, Pilotsuz Uçuş Aparatlarından (PUA) birinin 12 mərtəbəli yaşayış binasına dəydiyi, nəticədə üç nəfərin xəsarət aldığı bildirilir. Sakinlər təxliyə olunub. Nijnekamsk şəhərinin meri Radmir Belyayev iyunun 12-də qeyd olunan Rusiya Günü münasibətilə nəzərdə tutulan bütün tədbirlərin ləğv edildiyini açıqlayıb.

Tatarıstan rəhbəri Rüstəm Minnixanov PUA-ların Zakamye bölgəsinə çatdığını təsdiqləyib və hücuma məruz qalan müəssisələrin nəticələrin aradan qaldırılması istiqamətində operativ tədbirlər gördüyünü bildirib. Onun sözlərinə görə, istehsal prosesi dayandırılmayıb.

Ukrayna Silahlı Qüvvələri həmçinin Samara vilayətinin Tolyatti şəhərində yerləşən “Tolyattikauçuk” kimya zavoduna da zərbə endirib. “Tatneft” şirkətinə məxsus müəssisə sintetik kauçuklar, monomerlər, polimerlər və avtomobil benzini üçün əlavələr istehsal edir.

Şəhər meri İlya Suxix sənaye obyektinə PUA düşməsi nəticəsində ziyan dəydiyini təsdiqləyib. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev isə bildirib ki, bölgədə baş verən PUA hücumu nəticəsində xəsarət alan olmayıb.

Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, iyunun 12-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri 231 Ukrayna PUA-sını “ələ keçirib və məhv edib”.

Nazirliyin məlumatına görə, PUA-lar Tatarıstan və Samara ilə yanaşı, Həştərxan, Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Rostov, Saratov, Smolensk, Tula, Ulyanovsk vilayətlərində, Moskva bölgəsində və Rusiyanın ilhaq etdiyi Krımda vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Müharibə  


Bizi "telegram"da izləyin