KTMT Ermənistanı cəzalandırmağa hazırlaşır? – Hüquqi ultimatumun “sıfır” effekti

2026/06/1781160164.jpg
Oxunub: 239     13:22     16 İyun 2026    
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun KTMT Nizamnaməsinin Ermənistanla bağlı müəyyən müddəalarının tətbiq oluna biləcəyinə dair açıqlaması təşkilatın İrəvana qarşı mümkün addımları ilə bağlı müzakirələrə səbəb olub. Belə bir qərarın Ermənistan üçün əsaslı nəticələri olmayacaq, çünki ölkə artıq uzun müddətdir KTMT-nin fəaliyyətində iştirak etmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “KTMT Ermənistanı cəzalandırmağa hazırlaşır? – Hüquqi ultimatumun “sıfır” effekti” başlıqlı məqaləsində yazıb.

Nəşr xatırladır ki, Sergey Lavrov Ermənistanın iki ildən artıqdır KTMT-nin fəaliyyətində iştirak etmədiyini, lakin formal olaraq təşkilatın üzvü olaraq qaldığını bildirib. Onun sözlərinə görə, Ermənistan nümayəndələri tədbirlərdə iştirak etmirlər, eyni zamanda NATO üzvü ölkələrlə əməkdaşlığı genişləndirir, hərbi təlimlər keçirir, hərbi təyinatlı məhsullar alır və NATO ilə yanaşı, Avropa İttifaqı ilə də hərbi sahədə əlaqələri inkişaf etdirirlər.

Lavrov bildirib ki, Ermənistanın KTMT büdcəsinə olan borcu artıq iki ildən çoxdur davam edir və bu məsələ təşkilatın Nizamnaməsində nəzərdə tutulmuş prosedurlar çərçivəsində nəzərdən keçirilə bilər.

“İyunun 7-də, məhz Ermənistanda seçkilərin keçirildiyi gün həmkarım Ararat Mirzoyan KTMT ilə bağlı suala cavabında bildirdi ki, Ermənistan üzvlük haqqını ödəmir, çünki təşkilatın fəaliyyətində iştirak etmir. Bu vəziyyət artıq iki ildən çoxdur davam edir. Bu gün biz məsələni müzakirə etdik və KTMT Nizamnaməsinin müvafiq maddəsinin tətbiqi imkanlarına baxılması barədə razılığa gəldik”, - deyə Rusiya xarici işlər naziri qeyd edib.

Məqalədə bildirilir ki, iyunun 8-də Ermənistan parlamentinin Dövlət-Hüquq Məsələləri Daimi Komissiyasının iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da ölkənin 2025-ci ildə KTMT-yə üzvlük haqqı ödəmədiyini təsdiqləyib.

“168.am” KTMT Nizamnaməsini təhlil edərək təşkilatın belə hallarda hansı hüquqi mexanizmlərdən istifadə edə biləcəyini araşdırıb. Nəşrin yazdığına görə, Nizamnamənin IX fəslinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsi qarşısındakı öhdəliklərini yerinə yetirmədikdə, KTMT Kollektiv Təhlükəsizlik Şurası həmin dövlətin vətəndaşlarının təşkilat daxilində kvota əsasında vəzifələrə təyin olunmaq hüququnu dayandıra və borc tam ödənilənədək onu səsvermə hüququndan məhrum edə bilər.

“Üzv dövlətlərin təşkilatın büdcəsinə olan borclarının iki il ərzində ödənilməməsi halında Şura həmin dövlətin vətəndaşlarının təşkilat çərçivəsində kvotalı vəzifələrə namizəd göstərilməsi hüququnun dayandırılması, eləcə də borc tam ödənilənədək təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edir”, - deyə nəşr KTMT Nizamnaməsindən sitat gətirib.

“Nizamnamənin 20-ci maddəsi üzv dövlətin təşkilatdan uzaqlaşdırılması mexanizmini də nəzərdə tutur. Əgər üzv ölkə təşkilatın qərarlarını və nizamnamə tələblərini yerinə yetirməzsə, əvvəlcə onun səlahiyyətləri məhdudlaşdırıla, daha sonra isə təşkilatdan çıxarılması məsələsi gündəmə gətirilə bilər.

Bununla belə, Ermənistan artıq faktiki olaraq KTMT-də fəaliyyətini dondurduğundan, səsvermə hüququnun dayandırılması və ya digər hüquqi məhdudiyyətlər yalnız formal xarakter daşıyacaq.

KTMT-nin nizamnamə mexanizmlərinin Ermənistana qarşı tətbiqi, istər səsvermə hüququndan məhrumetmə, istərsə də üzvlüyün rəsmi şəkildə dayandırılması formasında olsun, rəsmi İrəvan üçün əslində formal xarakter daşıyacaq və ciddi nəticələr yaratmayacaq. Çünki Ermənistan artıq uzun müddətdir təşkilatın fəaliyyətini faktiki olaraq boykot edir, iclas və tədbirlərdə iştirak etmir. Moskvanın hüquqi alətlərdən istifadəsi yalnız artıq mövcud olan reallığın hüquqi təsdiqi olacaq”, - deyə nəşr qeyd edib.

Məqalədə xatırladılır ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də üzvlüyünü dondurduğunu elan edib, daha sonra isə üzvlük haqlarını ödəməkdən imtina edib. Ermənistan hakimiyyəti bunu KTMT-nin ölkə qarşısında müdafiə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin