Ordu.az xəbər verir ki, bunu iyunun 16-da jurnalistlərlə görüşündə Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bildirib.
O, Rusiyaya ixracla bağlı mövcud məhdudiyyətlər və onların yaratdığı iqtisadi risklər barədə ətraflı danışıb.
Qalstyanın sözlərinə görə, əsas məsələ iqtisadiyyatın sanksiyaların davam etməsi və ya Rusiyanın idxal-ixrac şərtlərini sərtləşdirməsi halında hansı dayanıqlılığı nümayiş etdirəcəyidir.
Ermənistan Mərkəzi Bankı bu istiqamətdə həssaslıq təhlili apararaq Rusiyaya ixrac baxımından ən həssas məhsul qruplarını müəyyənləşdirib.
“Əgər bazarların diversifikasiyasını həyata keçirmək mümkün olmasa və biz yalnız Rusiya bazarından asılı qalsaq, bu, ölkə daxilində təklifin artmasına səbəb ola bilər. Nəticədə tərəvəz, qazsız və qazlı mineral sular, alkoqollu içkilər, eləcə də çəyirdəkli meyvələr üzrə müəyyən deflyasiya meyilləri gözləyirik”, - deyə Qalstyan izah edib.
Onun sözlərinə görə, bazarların diversifikasiyası və ixrac həcmlərinin qorunması halında mənfi təsirlər qısa müddətdə azalacaq.
Qalstyan bildirib ki, alkoqollu içkilər kimi əsas məhsulların ixrac payı ümumi istehlakda çox böyük yer tutur və buna görə də Rusiyanın qərarları bu sektora birbaşa təsir göstərir.
Ermənistan Mərkəzi Bankının rəhbəri qeyd edib ki, həssas sahələrin ümumi payı ÜDM-in təxminən 1,5-2%-ni təşkil edir və qurumun proqnozlaşdırdığı maksimal 2%-lik azalma da məhz bununla bağlıdır.
Onun sözlərinə görə, bu ssenari yalnız yeni satış bazarları tapılmadığı və ya istehsal dayandığı halda baş verə bilər.
“Bundan əlavə, sahibkarlar arasında bu problemlərin daha da genişlənəcəyi ilə bağlı narahatlıq yaranıb. Belə ki, Rusiyadan payızlıq buğda toxumlarının və ya süd tozunun idxalı ilə bağlı çətinliklər meydana çıxıb ki, bu da kredit öhdəliklərinin icrasına təsir göstərə bilər.
Əgər ixrac əhəmiyyətli dərəcədə azalarsa və bunu ödəniş balansının digər komponentləri, məsələn, kapital axınları hesabına kompensasiya etmək mümkün olmazsa, vəziyyət dramın dollara qarşı məzənnəsinə təzyiq göstərə bilər”, - deyə Martin Qalstyan əlavə edib.
O bildirib ki, belə vəziyyətdə Mərkəzi Bank hökumətlə birlikdə bank sistemi vasitəsilə iqtisadiyyata dəstək ssenarilərini nəzərdən keçirir, Ermənistan bu cür təcrübəni artıq koronavirus pandemiyası və müharibə dövründə əldə edib.
Alpər Mövludoğlu
Ordu.az