"Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri regional səviyyədə təsir gücünə malikdir" - Deputat

2026/05/1778916490.jpg
Oxunub: 179     11:54     11 İyun 2026    
Bugünkü formatı fərqləndirən əsas xüsusiyyət isə gənclərin gözü ilə sülhə baxışın təqdim olunmasıdır. Bu, həm akademik baxımdan çox maraqlı, həm də perspektivli bir yanaşmadır.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) tərəfindən keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda konfransda deyib.

Millət vəkilinin fikrincə, Ermənistandakı seçki prosesində və onun nəticələrində ciddi geosiyasiləşmə müşahidə olunub:

“Xüsusilə Qərbdən hazırkı hökumətə yönələn dəstək müəyyən mənada sülh prosesinə dəstək kimi təqdim olunurdu”.

Deputat bildirib ki, Azərbaycanın mövqeyi isə daha fərqli idi:

“Azərbaycan daha çox passiv müşahidəçi kimi görünürdü, lakin bunun əsas səbəbi ondan ibarət idi ki, Azərbaycan artıq sülh platformasını formalaşdırmışdı. Sülh gündəliyinin, sülh təşəbbüsünün müəllifi Azərbaycandır.

Maraqlı məqam isə ondan ibarətdir ki, bu sülh gündəliyi son nəticədə Paşinyan hökumətinin seçki platformasının bir hissəsinə çevrildi. Bu, çox vacib məqamdır. Çünki vaxtilə Qarabağ məsələsini siyasi fəaliyyətinin mərkəzinə çevirən, hətta işğalın nəticələrini legitimləşdirməyə çalışan siyasi qüvvə müharibədən və Qarabağ zəfərindən sonra öz siyasi kursunu dəyişməyə məcbur oldu.

Ermənistan rəhbərliyi nəticə çıxardı. Ermənistan parlamentinin sədri də açıq şəkildə bəyan etdi ki, Qarabağ Ermənistan üçün tələ olub və artıq sərhədləri qeyri-müəyyən, amorf Ermənistan ideyasından imtina etməyin vaxtı çatıb. Bu da parlament sədrinə məxsus ifadələrdir”.

R.Nəbiyevin sözlərinə görə, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi faktiki olaraq bu gün sülh gündəliyinə səs verib:

“Bu isə onu göstərir ki, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri regional səviyyədə təsir gücünə malikdir və hətta uzun illər düşmənçilik mövqeyində olmuş dövlətin siyasi gündəliyini və elektoratının mövqeyini dəyişməyə qadirdir”.

Parlamentari xatırladıb ki, paraflanmış sülh sazişi 17 maddədən ibarətdir. Onlardan 2-si daha çox müqavilə texnikası ilə bağlı müddəalardır. Digər 15 maddə və preambula birbaşa olaraq sülh gündəliyini tənzimləyən məsələləri əhatə edir:

“Burada əsas məqsəd sülh və dövlətlərarası münasibətlərin normallaşdırılması üçün hüquqi mexanizmin yaradılmasıdır. Mühüm məqamlardan biri də diplomatik münasibətlərin qurulmasıdır. Xarici İşlər Nazirliyi saziş mətnini açıqladıqdan sonra da görünürdü ki, diplomatik münasibətlərin hansı mərhələdən sonra qurulacağı məsələsi xüsusi əhəmiyyət daşıyır.

Bu saziş gələcəkdə Ermənistanla bağlanacaq bütün digər hüquqi sənədlər və razılaşmalar üçün əsas istinad sənədi olacaq. Ona görə də onun möhkəm hüquqi baza üzərində qurulması, imzalanması və sonradan effektiv şəkildə icra olunması son dərəcə vacibdir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Deputat   Rizvan-Nəbiyev  


Bizi "telegram"da izləyin