Ordu.az xəbər verir ki, finlandiyalı bir pilotun ABŞ-də ilk F-35A uçuşunu həyata keçirdiyi açıqlanarkən, bu inkişafın Finlandiyanın hava qüvvələrinin modernləşdirilməsində kritik mərhələ olduğu vurğulanıb.
İlk uçuş ABŞ-də təlim çərçivəsində həyata keçirildi
Finlandiya Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, ilk uçuş 2026-cı il aprelin 15-də ABŞ-nin Arkanzas ştatındakı “Ebbing” Hava Bazasından həyata keçirilib. “Lockheed Martin” istehsalı olan F-35A “Lightning II” tipli JF-502 bort nömrəli təyyarə ilə yerinə yetirilən uçuş yerli vaxtla saat 14.17-də başlayıb.
Sözügedən uçuş Finlandiyalı pilotların ABŞ-də apardığı əsas uçuş hazırlığı prosesinin praktiki mərhələsini təşkil edir. Heyətin daha əvvəl Floridadakı “Eglin” Hərbi Hava Qüvvələri bazasında nəzəri hazırlığı və simulyator məşqlərini başa vurduğu bildirilib.
Pilot F-35-in uçuş xarakteristikasına diqqət çəkdi
İlk uçuşu həyata keçirən pilot F/A-18 “Hornet” keçmişinə malik təcrübəli təlimatçı pilot kimi prosesin intensiv, lakin səmərəli keçdiyini bildirib. Pilot açıqlamasında deyib: “Aylarla davam edən nəzəri və simulyator hazırlığından sonra F-35 ilə uçmaq mühüm mərhələ idi. Təyyarənin qalxma göstəriciləri diqqətçəkən idi. Uçuş boyu idarəetmə reaksiyaları olduqca intuitiv və nəzarət olunan idi. Bu isə pilotun uçuşun özündən daha çox tapşırığa fokuslanmasına imkan yaradır”.
Pilot həmçinin bir nəfərlik kokpit quruluşuna görə simulyator hazırlığının kritik rol oynadığını vurğulayaraq deyib: “F-35-də təlimatçı pilotun olmaması ilk uçuşda fərqli məsuliyyət yaradır. Buna görə simulyator hazırlığı uçuşdan əvvəl möhkəm baza yaratdı”.
Təlim prosesi 2028-ci ilədək ABŞ-də davam edəcək
Finlandiyanın indiyədək JF-501 ilə JF-508 arasında nömrələndirilmiş 8 ədəd F-35A təhvil aldığı və bu təyyarələrin 2028-ci ilin əvvəlinədək ABŞ-də təlim fəaliyyətlərində istifadə olunacağı açıqlanıb. Təyyarələrin Finlandiyalı texniki heyət tərəfindən həyata keçirilən qəbul və uyğunluq sınaqlarından sonra uçuşlara cəlb olunduğu bildirilib.
Tərkibində 20-yə yaxın pilotun da olduğu təxminən 150 nəfərlik Finlandiya heyətinin ABŞ-də F-35 təlim proqramında iştirak etdiyi və prosesin mərhələli şəkildə davam etdiyi qeyd edilib.
F-35-lər 2026-cı ildən etibarən Finlandiyada yerləşdiriləcək
2026-cı ilin payızından etibarən yeni istehsal olunacaq F-35A təyyarələrinin birbaşa Finlandiyaya təhvil verilməsi planlaşdırılır. JF-509 və ondan sonrakı təyyarələrin ölkəyə gətirilməsi ilə ilk yerləşdirmənin Rovaniyemidə həyata keçiriləcəyi və Laplandiya Hava Qanadının yeni platforma ilə əməliyyatlara başlayacağı bildirilib.
Finlandiya Hərbi Hava Qüvvələrinin F-35A ilə ilk əməliyyat qabiliyyətinə 2028-ci ilin əvvəlində çatmağı, tam əməliyyat gücünə isə 2030-cu ilədək mərhələli şəkildə nail olmağı hədəflədiyi bildirilib. Bu prosesdə mövcud F/A-18 “Hornet” parkının mərhələli şəkildə F-35 ilə əvəz olunacağı qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az