Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Müharibənin kölgəsi Ermənistan sərhədlərində: ölkə mümkün qaçqın axınına hazırdırmı?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, əgər bu qarşıdurma uzunmüddətli müharibəyə çevrilərsə, onun birbaşa nəticələrindən biri əhalinin kütləvi şəkildə qonşu ölkələrə köçü ola bilər. Belə bir ssenari baş verərsə, Ermənistan da misli görünməmiş qaçqın axını ilə üzləşə bilər və dövlətin buna hələ açıq şəkildə hazır olmadığı görünür.
“Regionda hər hansı genişmiqyaslı hərbi əməliyyat ilk növbədə humanitar böhranlar yaradır. İran məsələsində bu təhlükə daha realdır, çünki söhbət böyük əhaliyə malik ölkədən gedir və onun sərhədlərinə yaxın bir sıra kiçik dövlətlər yerləşir. Əgər hərbi əməliyyatlar dərinləşərsə, minlərlə insan təhlükəli zonalardan uzaqlaşmağa çalışa bilər və bu axının bir hissəsi qaçılmaz olaraq Ermənistana yönələ bilər.
Bu ssenari xüsusilə o şəraitdə narahatedicidir ki, Ermənistan hökuməti indiyədək ermənilərinin Qarabağdan (könüllü-red.) köçündən sonra yaranmış sosial və mənzil problemlərini tam həll edə bilməyib. On minlərlə insan hələ də müvəqqəti şəraitdə yaşayır və uzunmüddətli həll yollarını gözləyir. Bu isə göstərir ki, dövlət idarəetmə sistemi artıq mövcud problemlərlə kifayət qədər yüklənib və yeni genişmiqyaslı humanitar çağırışlara hazır olması çətin görünür.
Eyni zamanda regionda Ermənistan daxilində yeni demoqrafik gündəmlərin irəli sürülməsinə yönəlmiş siyasi tələblər də fəal şəkildə səsləndirilir. Bakı davamlı olaraq Ermənistan ərazisinə 300 min azərbaycanlının qayıdışı barədə danışır. Bu tələblər müxtəlif beynəlxalq platformalarda və informasiya məkanında mütəmadi olaraq gündəmə gətirilir. Lakin rəsmi İrəvandan buna uyğun və aydın siyasi cavab nadir hallarda səslənir ki, bu da cəmiyyət daxilində əlavə qeyri-müəyyənlik yaradır”, - deyə müəllif bildirib.
KİV qeyd edib ki, Ermənistanın xarici siyasətdə seçdiyi kurs da vəziyyəti mürəkkəbləşdirir.
“Son illərdə ölkə tez-tez böyük güclərin rəqabətinin mərkəzində qalır və belə şəraitdə istənilən regional müharibə Ermənistan üçün təkcə təhlükəsizlik deyil, həm də ciddi sosial və iqtisadi problemlər yarada bilər. Əgər qarşıdurmalar dərinləşərsə, Ermənistan eyni vaxtda bir neçə təzyiqlə, humanitar, siyasi və iqtisadi təzyiqlə üzləşə bilər.
Mümkün qaçqın axını öz növbəsində daxili iqtisadi nəticələr də doğura bilər. Mənzil bazarı, sosial xidmətlər, səhiyyə sistemi və əmək bazarı əlavə yük altında qala bilər. Belə vəziyyətlərdə dövlətin insanların qəbulunu, müvəqqəti yerləşdirilməsini və sonrakı sosial inteqrasiyasını necə təşkil edəcəyinə dair aydın planları olmalıdır. Belə sistemli yanaşma olmadan hər hansı böhran tez bir zamanda daxili sosial gərginliyə çevrilə bilər”, - deyə KİV vurğulayıb.
Nəşr bildirib ki, bu şəraitdə dövlət idarəçiliyinin proqnozlaşdırılan və məsuliyyətli siyasəti xüsusilə vacibdir.
“Böyük regional böhranlar adətən bir günün içində yaranmır, onların əlamətləri aylar əvvəl görünür. Buna görə dövlətin əsas vəzifəsi yalnız hadisələrə reaksiya vermək deyil, həm də mümkün riskləri əvvəlcədən görmək və onlara qarşı dayanmaq üçün lazımi imkanları formalaşdırmaq olmalıdır.
Ermənistan üçün vəziyyət xüsusilə həssasdır, çünki ölkə əvvəlki illərin ağır nəticələrini hələ tam aradan qaldıra bilməyib. Təhlükəsizlik problemləri, sosial bərabərsizliyin dərinləşməsi və regionların iqtisadi geriləməsi ciddi çağırış olaraq qalır. Hər il bir sıra bölgələr daha da boşalır, iqtisadi fəallıq azalır və əhalinin sosial vəziyyəti hələ də həssas olaraq qalır”, - deyə müəllif yazıb.
Nəşr qeyd edib ki, əgər bu şərtlərə xarici müharibədən qaynaqlanan humanitar böhran da əlavə olunsa, Ermənistanın dövlət sistemi daha mürəkkəb vəziyyətlə üzləşə bilər. Buna görə də bu gün ölkənin təhlükəsizliyinin, sosial sabitliyinin və iqtisadi tarazlığının qorunmasına yönəlmiş aydın strategiya hər zamankından daha vacibdir.
“Zaman göstərəcək ki, mövcud hakimiyyət bu riskləri proqnozlaşdırmaq və idarə etmək qabiliyyətinə malikdirmi? Lakin bir məsələ aydındır: dərin və sistemli islahatlar olmadan Ermənistanın yeni regional sarsıntılara tab gətirməsi çətin olacaq və onların əsas nəticələrini, həmişə olduğu kimi, ilk növbədə adi vətəndaşlar hiss edəcəklər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az