Erməni siyasi xadim: “İran yolunun bağlanma təhlükəsi var, bu fonda Nikol Metsamorda zər atır”

2026/03/1773058763.jpg
Oxunub: 383     16:18     09 Mart 2026    
“Əsas məsələ bu əməliyyatların simvolik zərbələrlə yekunlaşacağı, yoxsa uzunmüddətli müharibəyə çevriləcəyidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Alternativ” Partiyasının sədri, politoloq Suren Surenyants deyib.

Onun sözlərinə görə, hazırda konkret proqnoz vermək çətindir, lakin ABŞ və İsrail rəsmilərinin bəyanatları, təəssüf ki, optimizm yaratmır.

“İranda sanki rejim dəyişikliyi ilə bağlı işarələr var, çünki Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu müqavimət göstərməməyə çağırır və s. Bununla belə, hücum qısamüddətli də olsa, uzunmüddətli də olsa, Ermənistan üçün təhlükəsizlik riskləri yarada bilər”, - deyə Surenyants qeyd edib.

Erməni politoloqun sözlərinə görə, turbulent vəziyyətlərdə təhlükəsizlik baxımından həssas olan ölkələr əlavə ağır risklərin təzyiqi altına düşür.

“Əgər İrana qarşı müharibə uzunmüddətli olsa, İran yolu bağlana bilər. Bu halda Azərbaycan Naxçıvanla birləşəcək.

Humanitar böhran da yarana bilər, İranda on minlərlə soydaşımız yaşayır və uzunmüddətli müharibə olarsa, onların məsələsi həll edilməlidir. Uzunmüddətli müharibə vəziyyətində minlərlə insanın sərhədi keçməyə cəhd etməsi də mümkündür.

Bu günkü İran öz mövqeləri ilə Ermənistanın təhlükəsizlik sisteminin sabitləşməsinə əhəmiyyətli dərəcədə töhfə verirdi. İndi isə Ermənistan həmin təhlükəsizlik komponentindən məhrum olur”, - deyə Surenyants qeyd edib.

Erməni politoloqun fikrincə, İranda baş verən proseslər fonunda Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyi üçün heç nə etmir.

“İranda müharibə fonunda Nikol Metsamorda zər atır. İrana ilk zərbələrin endirildiyi vaxt həmin adam Metsamorda vətəndaşlarla nərd oynayırdı. Təəssüf ki, qeyri-adekvat hakimiyyətlə üz-üzəyik. Əmin deyiləm ki, qonşu İranda eskalasiya dərinləşərsə, onların “Plan-A” və ya “Plan-B”si var”, - deyə o bildirib.

Ermənistanın təhlükəsizlik zəmanətləri və hakimiyyətin ABŞ-dan gözləntilərinə toxunan Surenyants bildirib ki, ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyib.

“TRIPP (Zəngəzur dəhlizi-red.) nə Ermənistan, nə də Azərbaycan haqqındadır. Bu layihə Mərkəzi Asiyanın resurslarını İran və Rusiyanı yan keçərək Avropaya çatdırmaqla bağlıdır.

ABŞ bu layihəni Ermənistana hər hansı təhlükəsizlik zəmanəti vermədən də həyata keçirə bilər. Sülh sadəcə istək və bəyanat deyil, balans, beynəlxalq zəmanətlər və nəzarət mexanizmləridir. TRIPP isə bu formada Ermənistan üçün belə zəmanətlər yaratmır.

ABŞ ilə danışıqlar apararaq TRIPP-i Ermənistan üçün daha əlverişli etmək lazım idi”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Surenyants  


Bizi "telegram"da izləyin