Ordu.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, rusiyalı siyasi analitik-beynəlxalq münasibətlər üzrə mütəxəssis Sergey Markedonov deyib.
“Burada həm də Amerika Birləşmiş Ştatları var. Məncə, ABŞ prezident Donald Trumpın 8 və ya 9 müharibəni dayandırdığı barədə iddialarına baxmayaraq, İran məsələsini birdəfəlik həll etməyə çalışır. Bu, o demək deyil ki, İranın tarixini bağlamaq istəyir. Fars tarixinin özü çox uzundur: Əhəmənilər olub, Sasanilər olub, Parfiya olub. Mən düşünürəm ki, hətta fərz etsək belə ki, İran İslam Respublikası tarixə qovuşacaq, İran yenə də mövcud olacaq və bu və ya digər formada varlığını davam etdirəcək”, - deyə o qeyd edib.
Markedonov vurğulayıb ki, tarix davam edir və onu başa çatdırmaq və ya “bağlamaq” mümkün deyil.
Politoloqun sözlərinə görə, bu halda “tarixi bağlamaq” Tramp üçün amerikalıların İran İslam Respublikası ilə hələ 1979-cu il İran İslam İnqilabı dövründən qalan köhnə hesablarını bağlamaq deməkdir.
“İsrailə və İsrail-İran ziddiyyətlərinə gəlincə, siz soruşdunuz ki, bunlar sizə necə təsir edə bilər? Artıq təsir edir. Biz Qafqaz haqqında çox vaxt qərbləşmə və Qərb-Rusiya qarşıdurması kontekstində danışırıq, Qafqazı bu qarşıdurmanın meydanlarından biri kimi nəzərdən keçiririk. Amma Qafqaz eyni zamanda şərqləşmə prosesini də yaşayır, yəni Şərqin təsiri də artır, Yaxın Şərqdəki mürəkkəb proseslər də öz təsirini göstərir.
İsrail Azərbaycanın strateji müttəfiqidir. Əgər Qarabağ müharibəsinin ikinci mərhələsinə, 2023-cü ildəki vəziyyətə və ümumilikdə Azərbaycanın hərbi-siyasi potensialına baxsaq, onun həm Türkiyə, həm də İsrail tərəfindən əhəmiyyətli dərəcədə gücləndirildiyini görərik.
Eyni zamanda, İran Ermənistan üçün də əsas tərəfdaşlardan biri kimi qəbul olunur. Maraqlıdır ki, hətta qərbyönlü imici olan hazırkı hökumət dövründə də belədir. Sözün əsl mənasında bir neçə gün əvvəl müdafiə naziri Suren Papikyan Tehranda idi”, - deyə politoloq qeyd edib.
Markedonov bildirib ki, ABŞ üçün Azərbaycan İsrailin tərəfdaşıdır.
“Bu, normal konfiqurasiyadır və ABŞ-ni qane edir. Avropa üçün isə Azərbaycan etibarlı tərəfdaşdır. Beləliklə, mövcud mənzərə formalaşır. Bakı həmişə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində maraqlı olub və İranla münasibətləri pisləşdirməməyə çalışıb.
Biz hətta Tehranda Azərbaycanın səfirliyinə qarşı terror hücumunu da xatırlayırıq və münasibətlər, sanki, pisləşmişdi. Lakin hər iki tərəf həmin vəziyyətdən çıxış yolu tapdı”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az