Tramp və Putin Alyaskada Ukrayna üzrə “sıfır nöqtəsi”ndən başlayır? – BAXIŞ BUCAĞI

2025/08/1754909935.jpg
Oxunub: 1026     18:20     11 Avqust 2025    
Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının prezidentlərinin uzun müddətdir gözlənilən görüşü avqustun 15-də Alyaskada keçiriləcək. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib. Kreml də bu razılaşmanı təsdiqləyib. “Rusiya və ABŞ qonşu ölkələrdir, sərhədləri ortaqdır və bizim nümayəndə heyətinin sadəcə Berinq boğazı üzərindən uçaraq belə mühüm və gözlənilən sammiti Alyaskada keçirməsi tamamilə məntiqli görünür”, - deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mətbuata bildirib.

Bundan əvvəl Rusiya prezidenti Tramp ilə görüşün Birləşmiş Ərəb Əmirliklərində keçirilməsini arzulamışdı. Görünür, bu məqsədlə BƏƏ prezidenti Nəhyan da Moskvaya gəlmişdi, amma artıq qərara alınıb ki, Putin Berinq boğazını keçərək vaxtilə Rusiya imperiyasının ərazisi olmuş və XIX əsrdə ABŞ-yə satılmış Alyaskada eniş etsin.

Putinin köməkçisi bildirib ki, görüşə hazırlıq üçün qarşıdakı günlərdə tərəflərin ekspert qrupları böyük iş görməli olacaq. Tramp-Putin görüşü barədə ABŞ prezidentinə Azərbaycan və Ermənistan liderləri ilə keçirdiyi görüşlə bağlı mətbuat konfransında sual verilib. Trampın açıqlamalarından belə nəticə çıxarmaq olar ki, Moskva və Vaşinqton Ukrayna müharibəsində atəşkəsin əldə olunması və ərazi məsələlərini müzakirə edir.

“Bloomberg” məlumatına görə, Ukraynaya Donetsk vilayətindən qoşunlarını çıxarmaq təklif ediləcək. ABŞ prezidenti “ərazi mübadilələri” barədə eyham vurub. Digər mənbələrin dediyinə görə, atəşkəs “razılaşmanın əldə olunduğu vaxt mövcud təmas xəttinə uyğun olaraq təsbit ediləcək, həmin ərazilərin Rusiyaya məxsusluğu yalnız de-fakto tanınacaq”.

Tərəflərin hansı razılığa gələcəyi və ya ümumiyyətlə razılıq əldə ediləcəyi 15 avqustda bəlli olacaq, amma bu ilkin razılaşma olacaq. Putinin köməkçisi bildirib ki, Trampa “artıq dəvət göndərilib və növbəti sammit Rusiyada keçiriləcək”. Güman edilir ki, İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının səhifəsi artıq bağlanıb. Tramp və Putin görüşə “sıfır nöqtəsindən” gedir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin   Alyaska  


Bizi "telegram"da izləyin