Saməddin Əsədov: "Rəqəmsallaşma gücləndikcə kiber təhlükəsizliyin əhəmiyyəti artır"

2026/06/dfgfd-1780557472.jpg
Oxunub: 151     10:54     04 İyun 2026    
Rəqəmsallaşma artdıqca kiber təhlükəsizlik də dövlətlərin, təşkilatların, bizneslərin və təbii ki, vətəndaşların gündəliyində xüsusi yer tutur.

Ordu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda bildirib.

O qeyd edib ki, hər kəsin istifadə etdiyi elektron ödənişlər, bulud həllər və süni intellekt həlləri kimi rəqəmsal xidmətlər insanların həyatını xeyli rahat etsə də, eyni zamanda yeni risklər yaradır: "Artıq kiber hücumlar ayrı-ayrı informasiya sistemlərini deyil, bütün infrastrukturları, iqtisadi prosesləri və ictimai sabitliyi hədəf alır. Məhz bu səbəblərə görə kiber təhlükəsizlik bütün dünyanın strateji prioritetlərindən biridir. Azərbaycanda bu sahə Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir. Son illərdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, institusional imkanların genişləndirilməsi və ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu fəaliyyətlər əsas istiqamətlərini "İnformasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair 2023-2027-ci illər üzrə strategiyası" və "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə fəaliyyət planı" ilə müəyyən edilib".

Bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradıldığını xatırladan nazir müavini yeni qurumun bu sahədə formalaşdırılan təcrübə, potensial və institusional imkanları daha da inkişaf etdirəcəyini deyib: "Agentliyin qarşısında ölkədə kiber təhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi, həmçinin kiber təhlükəsizlik üzrə dayanıqlı informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, yarana biləcək kiber təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma kimi vacib məsələlər dayanır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saməddin-Əsədov   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin