1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTOLAR

2026/06/3eb9f-1780565235.jpg
Oxunub: 241     13:24     04 İyun 2026    
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün tədbir keçirildi. Tədbirdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədrinin 1-ci müavini Cəmaləddin Quliyev və məlumat şöbəsinin müdiri Firəngiz Ağayeva, şəhid ailələri və qonaqlar iştirak etdilər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan olundu.

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Aygün Məmmədova tədbirin proqramını elan etdi. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı qısa məlumat verdi. Ölkəmizdə uşaqlara hər zaman dövlət qayğısının göstərildiyi qeyd olundu. Aztəminatlı və şəhid övladları üçün təşkil olunan bu tədbir də onlara olan dövlət qayğısının bariz nümunəsidir.

Çıxış edən Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev əvvəlcə uşaqları əlamətdar gün münasibətilə təbrik etdi. Onlara xoşbəxt, firavan, sülh şəraitində sevinc dolu ömür arzuladı. Həmkarlar ittifaqı hər zaman olduğu kimi, bu il də aztəminatlı və şəhid ailələrinə diqqət göstərildiyini dedi. Tədbirə 35 şəhid ailəsinin qatıldığı qeyd olundu. Kərim Rzayev Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində yaradılan yüksək şəraitə görə rəhbərliyə təşəkkür etdi.

Proqrama əsasən, uşaqlar əvvəlcə komandalara bölünərək açıq səma altında geniş idman meydançasında estafet yarışları keçirdilər. Müxtəlif idman qurğularında özlərini sınadılar. Daha sonra istirahət mərkəzinin geniş zalına gələrək animatorların onlar üçün hazırladıqları fiziki, zehni oyunlarda iştirak etdilər. Onlar əvvəlcədən hazırlanmış müxtəlif çeşidli uşaq yeməklərinin hazırlandığı masalara dəvət olundular, şən musiqi sədaları altında rəqs etdilər. İkinci Qarabağ müharibəsi əlilinin oğlu Əli Şərifzadənin "Ey Vətən" ifasını fidanlar coşqu ilə alqışladılar. Uşaqlar daha sonra kino zalında cizgi filminə tamaşa etdilər. İyun ayında ad günü olan 5 nəfər şəhid övladı xüsusi olaraq təbrik olundu. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyevin adından onlara təbriklər, diplomlar və hədiyyələr verildi.

Sonda Qarabağ ordenli şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyeva uşaqlara göstərilən yüksək diqqət və qayğıya görə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqına, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə və əməyi keçən hər kəsə şəhid ailələri adından təşəkkür etdi.

Bəxtiyar Əliyev, "Azərbaycan Ordusu"

* * *

Uşaqlar cəmiyyətin ən qiymətli sərvəti, dövlətimizin və xalqımızın gələcəyidir. Onların sağlam, xoşbəxt və qayğısız böyüməsi hər bir cəmiyyətin əsas prioritetlərindən biridir. Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların sosial rifahının yaxşılaşdırılması və hərtərəfli inkişafı daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. Xüsusilə şəhid və hərbi qulluqçuların övladlarına göstərilən diqqət və qayğı dövlətimizin sosial siyasətinin ayrılmaz tərkib hissəsidir. Müdafiə Nazirliyi tərəfindən də hərbi qulluqçuların ailə üzvlərinin, eləcə də şəhid övladlarının rifahının yüksəldilməsi, onların sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrin komandanlığının təşkilatçılığı ilə keçirilən tədbir də məhz bu diqqət və qayğının növbəti təzahürü oldu. Keçirilən tədbir ölkəmizdə uşaqların, xüsusilə də Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın övladlarının qayğı ilə əhatə olunmasının dövlətimizin və Müdafiə Nazirliyinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir. Uşaqların xoşbəxtliyi, sağlamlığı və firavan gələcəyi naminə həyata keçirilən bu cür tədbirlər cəmiyyətimizdə humanizm, vətənpərvərlik və sosial həmrəylik dəyərlərinin daha da möhkəmlənməsinə xidmət edir. Tədbirdə hərbi qulluqçuların və şəhid ailələrinin övladları iştirak etdilər.

Bayram tədbiri çərçivəsində uşaqların sağlamlığının qorunmasına xüsusi diqqət ayrıldı. Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının dəstəyi ilə tədbirə 59 həkim-mütəxəssis cəlb olundu. Hərbi hissənin tibb məntəqəsində 16 müxtəlif sahə üzrə 250-dən çox uşaq tibbi müayinədən keçirildi. Müayinələr zamanı onların sağlamlıq vəziyyəti qiymətləndirilib, valideynlərə müvafiq tibbi məsləhətlər verildi.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi gələcəyimizin etibarlı təminatıdır. Vurğulandı ki, Müdafiə Nazirliyi tərəfindən hərbi qulluqçuların ailələrinə və şəhid övladlarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Tədbirin rəsmi hissəsindən sonra uşaqlar üçün əyləncə proqramı təşkil olundu. Şən klounların iştirakı ilə keçirilən maraqlı oyunlar, müsabiqələr və interaktiv çıxışlar balacaların böyük sevincinə səbəb oldu. Uşaqların üzlərindəki təbəssüm, gözlərindəki sevinc tədbirə xüsusi rəng qatdı.

Daha sonra uşaqlar üçün bayram süfrəsi açıldı. Səmimi və xoş atmosferdə davam edən tədbirin sonunda bayram tortu kəsildi, uşaqlara müxtəlif hədiyyələr təqdim olundu.

Uşaqların sağlam gələcəyi naminə atılan hər addım ölkənin sabahına verilən ən böyük dəyərdir.

Günay Tağıyeva, "Azərbaycan Ordusu"

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: 1-İyun   Uşaqlar  


Bizi "telegram"da izləyin