Ordu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nun rəsmi açılış mərasimində deyib.
Nazir müavini bildirib ki, artıq kiberhücumlar ayrı-ayrı informasiya sistemlərini deyil, bütöv infrastrukturları, iqtisadi prosesləri və ictimai sabitliyi hədəfə alır. Məhz buna görə kibertəhlükəsizlik bütün dünyada strateji prioritetlərdən birinə çevrilib.
O vurğulayıb ki, Azərbaycanda son illərdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, institusional imkanların genişləndirilməsi və peşəkar kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb.
S. Əsədov xatırladıb ki, bu günlərdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində yeni mühüm addım atılıb. Prezident İlham Əliyevin fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb:
“Milli Kibertəhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi bu sahədə formalaşmış təcrübəni, potensialı və institusional imkanları daha da inkişaf etdirəcək. Agentliyin qarşısında kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi, informasiya infrastrukturunun dayanıqlığının təmin olunması, koordinasiya mexanizmlərinin gücləndirilməsi və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanın təşkili kimi mühüm vəzifələr dayanır”.
O əlavə edib ki, Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti çərçivəsində əldə olunmuş nəticələr Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən də davam etdiriləcək.
Ordu.az