Ordu.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda bildirib.
O qeyd edib ki, eyni zamanda təhlükəsizlik üzrə sistemli və qabaqlayıcı yanaşma bir çox hallarda texnoloji inkişafın sürətindən geri qalır: "Dövlət Xidmətinin fəaliyyəti bu istiqamətdə konkret və ölçülə bilən nəticələrlə müşayiət olunur. Bu ilin I rübündə dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kibertəhdidlərin qarşısı operativ şəkildə alınıb, zərərli trafik filtrasiya edilib, fişinq resursları və saxta domenlər zərərsizləşdirilib. Bu faktlar bir daha təsdiq edir ki, mövcud risklər artıq nəzəri xarakter daşımır - onlar realdır, dinamikdir və davamlı diqqət tələb edir".
A.İsmayılovun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində uğur yalnız texnoloji imkanlarla deyil, strateji düşüncə, qabaqlayıcı yanaşma və koordinasiyalı fəaliyyətlə təmin olunur: "Bu sahədə nəticə əldə etmək üçün dövlət strukturları, elmi-tədqiqat institutları və özəl sektor arasında real və davamlı əməkdaşlıq formalaşdırılmalıdır. Texnologiyalar dəyişir, təhdidlər transformasiya olunur, lakin dövlət kibertəhlükəsizliyinin əsas prinsipi dəyişməz qalır - kibertəhlükəsizlik proaktiv şəkildə təmin olunur".
A. İsmayılov bu konfrans çərçivəsində aparılacaq müzakirələrin yeni ideyaların formalaşmasına, yeni yanaşmaların tətbiqinə və ölkənin kibertəhlükəsizlik potensialının daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Ordu.az