Sülh sazişinin başlanğıcı, yoxsa yeni mərhələ? – BAXIŞ BUCAĞI

2025/08/1754675942.jpg
Oxunub: 881     21:40     08 Avqust 2025    
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev Ağ Evdə “sülh sazişi imzalayacaqlar”. Bu barədə o, “Truth Social” sosial platformasındakı şəxsi səhifəsində yazıb. Paylaşım yerli vaxtla, avqustun 7-də gecə yarısı yayımlanıb.

“Sabah (avqustun 8-də) mən Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla tarixi sülh sammitini səbirsizliklə gözləyirəm. Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə sülh sazişinin imzalanmasının rəsmi mərasimində iştirak edəcəklər”, - Trampın paylaşımını Türkiyənin dövlət informasiya agentliyi “Anadolu” yayıb.

Tramp vurğulayıb ki, iki ölkə “uzun illər müharibə vəziyyətində olub” və onun administrasiyası bir neçə ay ərzində münaqişənin dayandırılması istiqamətində çalışıb. Tramp belə bir ifadə işlədib ki, xüsusilə o, “müharibəni dayandırıb”. Yəqin ki, vəzifəyə başlamasından üç ay sonra tərəflərin sülh sazişinin mətnini razılaşdırdıqlarını nəzərdə tutur.

“Mən iki cəsur liderlə fəxr edirəm ki, Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün seçim edirlər. Bu (avqustun 8-i) Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün olacaq”, - deyə Donald Tramp qeyd edib və əlavə edib ki, siyasi razılaşmadan əlavə, Azərbaycan və Ermənistanla ayrı-ayrı iqtisadi sazişlər imzalanacaq.

Bu fonda dövlət katibi Marko Rubio bəyan edib ki, imzalanacaq sənəd “sülh sazişinin başlanğıcı olacaq”. Rubioya görə, Donald Tramp “sülh prezidenti olmaqda qərarlıdır”.

“Associated Press”in məlumatına görə, Zəngəzurun cənubunda açılacaq kommunikasiya xətti “Trump Route for International Peace and Prosperity” (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) adını daşıya bilər və “dəmir yolu qolu, neft-qaz kəmərləri, kabel xətləri, yüklərin, gələcəkdə isə insanların daşınmasını təmin edəcək” elementləri özündə birləşdirəcək.

ABŞ prezidentinin sözlərinə görə, Ermənistan və Azərbaycanla imzalanacaq ayrı-ayrı iqtisadi sazişlərin yalnız “Tramp körpüsünə” aid olub-olmayacağı, yoxsa digər sahələri də əhatə edəcəyi hələlik məlum deyil.

Qeyri-adi məqam odur ki, ABŞ prezidenti İlham Əliyev və Nikol Paşinyanın saziş imzalayacaqlarına əminliklə danışıb, dövlət katibi Rubio isə “sülh sazişinin başlanğıcı olacaq” sənədin imzalanacağından bəhs edib.

Yetərincə düşündürücü başqa bir fakt odur ki, Vaşinqtondakı Ermənistan-Azərbaycan tarixi görüşü ərəfəsində İsrailin hərbi-siyasi kabineti Qəzzanı tamamilə ələ keçirmək planını təsdiqləyib. Elə həmin gün Tramp Vladimir Putindən “çox məyus olduğunu” təsdiqləyib, həmçinin İran əleyhinə əlavə sanksiyalar tətbiq edib. Bu kontekstdə onun ayrı-ayrılıqda götürülmüş Ermənistan-Azərbaycan sülhü proqramının nə dərəcədə real ola biləcəyi sual doğurur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sülh   ABŞ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin