Ermənistanda “1in.am” nəşrində yayımlanan məqalədə müəllif açıq şəkildə etiraf edir ki, bu müharibədə istifadə olunan taktikalar, hücum və müdafiə metodları, hətta reaksiya və cavab zərbələrinin planlaşdırılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Yəni Ermənistan öz ordusunun vəziyyətinin acınacaqlı olduğunu, regional hərbi modernləşmədən geri qaldığını və hətta baş verənlərə yalnız “öyrənmək məqsədilə baxmaqla” kifayətlənməli olduğunu anlayır. Bu, acizlik etirafından başqa bir şey deyil.
Azərbaycan isə tamamilə fərqli mövqedədir. İsrailin strateji müttəfiqi olan Azərbaycan artıq illərdir bu ölkə ilə hərbi-texniki əməkdaşlıq qurub. Müasir PUA-lar, hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə texnologiyaları və PUA-larla döyüş taktikasının real tətbiqi məhz Azərbaycan Ordusunda geniş vüsət alıb. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan bu texnologiyaları effektiv şəkildə tətbiq etməklə regionda yeni hərbi fəlsəfə yaratdı. İndi isə İsrailin İrana qarşı istifadə etdiyi üsullar və onlara qarşı İranın verdiyi cavablar Azərbaycan üçün həm siyasi, həm də hərbi baxımdan aktual və praktik dəyərə malikdir.
Ermənistan məqalədə etiraf edir ki, İsrailin istifadə etdiyi metodlar artıq Azərbaycan tərəfindən mənimsənilib və yerli şəraitə uyğunlaşdırılıb. Bu, dolayısı ilə təsdiqləyir ki, Ermənistan öz ordusunu inkişaf etdirməkdə acizdir və strateji cəhətdən Azərbaycanın arxasınca qaçır. Ermənilər indi İsrailin İranla müharibəsindəki hadisələri sanki distant bir “video dərs” kimi izləyirlər, habelə nə həmin texnologiyalara malikdirlər, nə də o səviyyədə müttəfiqləri var.
Bu vəziyyət fonunda Ermənistanın nəinki regionda balans yaratmaq, heç öz təhlükəsizliyini təmin etmək qabiliyyəti belə qalmayıb. Onlar ya Rusiyanın kölgəsində, ya da Qərbin boş vədləri ilə aldadılaraq faktiki olaraq strateji yönsüzlük yaşayırlar. Əksinə, Azərbaycan öz hərbi strategiyasını İsrail, Türkiyə və Pakistan kimi güclü dövlətlərlə birgə qurur. Həm siyasi, həm diplomatik, həm də texnoloji baxımdan Bakı yeni dövrün reallıqlarına tam uyğunlaşmış vəziyyətdədir.
Hazırda Cənubi Qafqazda yalnız bir dövlət var ki, müasir müharibələrin qaydalarını bilir, tətbiq edir və inkişaf etdirir – bu, Azərbaycandır. Ermənilər üçünsə “müharibə dərsi” sadəcə dəftərə qeydlərlə məhdudlaşır, çünki nə orduları, nə güclü müttəfiqləri, nə də strateji baxışları var.
Aqil Məmmədov
Ordu.az