İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan və Türkiyə artıq sadəcə dost və tərəfdaş deyil, rəsmi şəkildə müttəfiqdirlər. O, 2021-ci ilin iyulunda imzalanmış Şuşa Bəyannaməsinin bu münasibətləri rəsmi olaraq hərbi ittifaq səviyyəsinə qaldırdığını vurğulamaqla, Paşinyanın Türkiyə ilə “yeni səhifə” açmaq cəhdlərini geosiyasi reallıqla toqquşdurmuş oldu. O reallıq ki, bu gün Cənubi Qafqazda yeganə hərbi-strateji blok Azərbaycan-Türkiyə ittifaqıdır və bu ittifaq regionda dəyişikliklərin əsas diktəedici qüvvəsidir.
Azərbaycanın bu çıxışı, həm də Türkiyənin öz daxilində gedən proseslərin fonunda maraqlı şəkildə paralel təqdim olundu. Belə ki, Ankara deputatları qarşısında çıxış edən Ərdoğan “bölgədə baş verə biləcək hər cür neqativ ssenariyə hazır olduqlarını” bəyan etdi. Türkiyənin təhlükəsizlik dairələri bu gün bölgədə üç əsas təhlükə görür: Rusiya, İran və İsrail. Lakin yayılan analitik şərhlər göstərir ki, real qarşıdurma ehtimalı ən çox PKK-nın İrandakı PJAK qolu ilə ola bilər.
Bu baxımdan, İlham Əliyevin Ərdoğana “Azərbaycan hər zaman Türkiyənin yanındadır” deməsi sadəcə nəzakət ifadəsi deyil. Bu, eyni zamanda mümkün regional müharibə ssenarilərində Azərbaycanın Türkiyənin yanında ola biləcəyinə dair strateji öhdəlikdir. 44 günlük müharibədə Türkiyənin Azərbaycan üçün yaratdığı üstünlükdən xəbərdar olan Bakı eyni dəstəyi ehtiyac olduqda geri qaytarmağa hazır olduğunu nümayiş etdirir. Bu isə qarşılıqlı etimada əsaslanan və gücə söykənən bir geosiyasi təməldir.
Bütün bu proseslər isə Paşinyanın artıq baş tutmuş Türkiyə səfərinin risklərini qat-qat artırır. Ermənistanın baş naziri, Şuşa Bəyannaməsinin nümayiş etdirildiyi, Bakı-Ankara ittifaqının daha da gücləndirildiyi bir zamanda Türkiyəyə gedib. Paşinyan, faktiki olaraq, Ermənistanı bölgədə yeganə təcrid olunmuş, qeyri-sabit tərəfdaş kimi təqdim edir. Ərdoğanın və İlham Əliyevin son çıxışları isə onu göstərir ki, Ermənistanla münasibətlərdə irəliləyiş yalnız doğru əsaslar və razılaşmalar çərçivəsində ola bilər. Paşinyan isə bu qiyməti ödəməyə nə siyasi gücə, nə də daxili legitimliyə malikdir.
Azərbaycan isə öz növbəsində Türkiyə ilə birlikdə təkcə hərbi deyil, siyasi və diplomatik üstünlüyünü də möhkəmləndirir. Bu tandem bölgədə hər hansı təşəbbüsü neytrallaşdırmaq gücündədir və bu reallığı artıq Ermənistan da, onun qərbli “strateji dostları” da qəbul etməyə məcburdur.
Aqil Məmmədov
Ordu.az