Bu rəqabətin əsas hədəfi isə Birləşmiş Ştatların mövqeyini qazanmaqdır. ABŞ-nin hansı təşəbbüsə yaxın dayanacağı, sözsüz ki, qlobal diplomatiyanın gələcək trayektoriyasını müəyyənləşdirəcək. Lakin bu diplomatik dartışma fonunda Ermənistanda ciddi təşviş yaranıb, çünki İrəvanın mövqeyi tamamilə zəif, qeyri-müəyyən və təhlükəlidir.
Ermənistan üçün savaşın tezliklə dayandırılması həyati vacib görünür, çünki regiondakı hərbi gərginlik onun üçün real təhlükələr yaradır. Xüsusilə də, son illər İrəvanın əsas silah təchizatçısına çevrilmiş Hindistanla əməkdaşlığın taleyi sual altına düşür. İran vasitəsilə həyata keçirilən logistik marşrutlar müharibə zamanı bağlana və ya ciddi şəkildə zədələnə bilər. Ermənistan isə bu reallığa qarşı heç bir alternativ plan və ya regional strateji dayağa malik deyil.
Maraqlıdır ki, Azərbaycan və Türkiyə regionda artıq sabit və davamlı bir hərbi-siyasi blok formalaşdırıb. Bu blokun həm diplomatik təşəbbüslərə təsir gücü, həm də real sahədə təhlükəsizlik arxitekturası qurmaq imkanları var. Ermənistan isə hələ də nəinki hansı blokun yanında olduğunu müəyyən edə bilməyib, hətta daxilində belə diplomatik çeviklik nümayiş etdirə bilmir. Paşinyan hökuməti “kimə yaxın dayanmalı” dilemmasında tərəddüddədir və ətrafında proseslər sürətlə dəyişir.
Ermənistanın diplomatik neytrallıq görüntüsü yaratmaq cəhdləri isə praktik reallıqlara uyğun gəlmir. Hər bir diplomatik təşəbbüs – istər Qərbin, istər Şərqin – konkret geosiyasi maraqlara söykənir. Ermənistan isə bu maraqların heç birinin ciddi iştirakçısı deyil. Sadəcə, təsirlənən, bəzən də vasitə kimi istifadə olunan zəif həlqədir.
İsrail-İran müharibəsi Ermənistan üçün həm logistik, həm enerji, həm də təhlükəsizlik baxımından çoxcəhətli fəlakətə çevrilir. Əgər Tehran üzərində hava məkanı və quru yolları bağlanarsa, Hindistanla silah ticarəti dayanacaq, yeni avadanlıqların gətirilməsi mümkün olmayacaq. Bu isə Ermənistan ordusunun tam silahsız və texnologiyasız qalması deməkdir. Ermənistanın əsas “strateji tərəfdaşları”ndan biri olan İranın özünün müharibəyə çəkilməsi, İrəvan üçün sonuncu regional dayağın da itirilməsi demək olacaq. Beləliklə, Ermənistan geosiyasi mənada tam izolyasiya olunmuş və müdafiəsiz vəziyyətə düşəcək.
Üstəlik, Ermənistan daxilində yaranmış siyasi böhran, cəmiyyətin ciddi şəkildə radikallaşması və sosial parçalanma vəziyyəti daha da gərginləşdirir. Paşinyan hökuməti bu mürəkkəb qlobal şəraitdə nə siyasi, nə də hərbi baxımdan hazırlıqlı deyil. O, diplomatik təşəbbüslərin heç birində iştirak etmir, sadəcə kənardan seyr edir və ümid edir ki, vəziyyət bir möcüzə ilə Ermənistanın xeyrinə dəyişə bilər. Halbuki geosiyasi müstəvidə passivlik fəlakətin başlanğıcıdır.
Bu baxımdan, Ermənistan üçün hansı təşəbbüsün qalib gələcəyi heç də ikinci dərəcəli məsələ deyil. Hər bir diplomatik format gələcəkdə müəyyən siyasi-iqtisadi təzyiq mexanizmləri də gətirə bilər. Ermənistanın isə bu dəyişikliklərə cavab verəcək nə strateji vizyonu, nə də resursu var. Hətta ABŞ-Rusiya-Çin konsensusunun mümkün olduğu təqdirdə belə, Ermənistan bu blokun tərkibində yer almaq üçün uyğun aktor deyil.
Son nəticədə, İran-İsrail savaşının dayandırılması Ermənistan üçün həyati zərurətdir, lakin bu savaş hansı diplomatik formatla bitərsə bitsin, Ermənistan orada yalnız müşahidəçi olacaq – təsir edə bilməyən, iştirak etməyən və heç bir nəticə əldə etməyən bir aktor. Bu, dövlətçiliyin strateji iflasıdır.
Aqil Məmmədov
Ordu.az