İsrail illərlə apardığı kəşfiyyat hazırlığını xüsusi əməliyyat imkanları ilə birləşdirərək, İranın nüvə proqramı və hərbi rəhbərliyinə qarşı strateji sürpriz və dağıdıcı təsir əldə etdi. Bu, uzun müddət artan gərginliklərə baxmayaraq baş verdi. Əməliyyat qabaqcıl hava hücumundan müdafiə sistemləri, nüvə ambisiyaları və avtoritar idarəçiliklə seçilən bərabər səviyyəli rəqiblərlə üzləşən hərbi planlaşdırıcıları üçün önəmli dərslər verir.
Əlbəttə ki, İsrailin ilk zərbəsi nisbətən əlverişli şərtlər altında həyata keçirildi – İranın hava hücumundan müdafiə sistemləri artıq zəiflədilmişdi, proksi qüvvələr zərərsizləşdirilmişdi və ölkənin faktiki nüvə çəkindirmə vasitəsi yox idi. Bu isə Rusiyaya və ya Çinə qarşı ehtimal edilən qabaqlayıcı zərbələrlə birbaşa müqayisəni çətinləşdirir. Bununla belə, istifadə olunan konsepsiyalar hələ də müzakirəyə və öyrənilməyə dəyərdir.
Strateji sürprizin anatomiyası
İsrailin MOSSAD agentliyi, əməliyyatdan əvvəl İrana silahlar sızdıraraq, ölkə daxilində partlayıcı yüklü PUA-ları məsafədən işə sala biləcəyi əməliyyat bazaları qurdu və qısa mənzilli, dəqiq silahları hava müdafiə sistemlərinin yaxınlığında yerləşdirdi. Bu illərlə aparılmış hazırlıq, İsrail rəsmilərinin dediyinə görə, İranın əsas uran zənginləşdirmə mərkəzi olan Natanz obyektinə, nüvə alimlərinə, hərbi rəhbərlərə və ballistik raket proqramına qarşı koordinə olunmuş zərbələrin endirilməsini mümkün etdi.
Bu üçtərəfli yanaşma kəşfiyyat və xüsusi əməliyyat qüvvələrinin dərindən öyrənməli olduğu yüksək səviyyəli planlaşdırmanı nümayiş etdirir. Birinci mərhələdə, MOSSAD komandoları İranın hava hücumundan müdafiə sistemlərinin yaxınlığında dəqiq yönləndirilən silah sistemləri yerləşdirib və bunlar, İsrail Hərbi Hava Qüvvələrinin hücumları başlamazdan az əvvəl aktivləşdirilib. İkinci mərhələdə, ixtisaslaşmış texnika və döyüş sursatlarını İranda gizli şəkildə yerləşdirməklə, hərbi rəhbərliyin “başını kəsmək” üçün zərbələr endirilib. Üçüncü mərhələdə, partlayıcı daşıyan PUA bazaları İranın dərinliklərində qurularaq, ölkənin raket sistemlərinə cavab imkanını məhdudlaşdıracaq şəkildə zərbələr vurub.
Əvvəlcədən yerləşdirilmiş silahların gücü
“Oyanan Şir Əməliyyatı”nın ən təsirli elementi İsrailin taktiki sürprizi uzaqdan atılan raketlərlə deyil, əvvəlcədən yerləşdirilmiş imkanlarla əldə etməsi idi. İsrail təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, MOSSAD əməliyyatçıları PUA və raket bazalarını “açıq şəkildə, İranın hava müdafiə sistemlərinin yaxınlığında” qurub və ölkə daxilində mobil silah platformalarından istifadə edib. Bu yanaşma, əməliyyatın ilk dalğasında 200-dən çox İsrail təyyarəsinin 330-dan çox döyüş sursatı ataraq 100-dən çox hədəfi vurmasına şərait yaratdı.
Bu strateji məntiq əvvəlki münaqişələrdə uğur qazanmış xüsusi əməliyyat taktikasına bənzəyir. Ukraynanın Rusiyaya qarşı təcrübəsi haqqında yazdığımız kimi, dərinlikdə aparılan xüsusi əməliyyatların əsas prinsipləri dəyişməz olaraq qalır: “təhlükəsizlik və yanlış yönləndirmə ilə sürpriz əldə etmək; düşmənin arxa bölgəsindəki yüksək dəyərli, zəif müdafiə olunan hədəfləri vurmaq; və taktiki zərərin çox-çox fövqündə olan psixoloji təsir yaratmaq”. İsrailin strategiyası bu üç elementi eyni vaxtda təmin etdi.
Kəşfiyyat sintezi ilə rəhbərliyin “başının kəsilməsi”
Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqiri, SEPAH komandiri Hüseyn Səlami, “Xatem əl-Ənbiya” qərargahının komandanı Qulam Rəşid və bir neçə nüvə alimi öldürüldü. Bu, müasir müharibə tarixində ən uğurlu “baş kəsmə” əməliyyatlarından biri hesab olunur və kəşfiyyat hazırlığının necə cərrahiyyə dəqiqliyində hədəfləmə yaratdığını göstərir.
Hədəfləmə metodu illərlə aparılan kəşfiyyat əməliyyatlarına əsaslanıb. İsrail rəsmiləri İranın müdafiə rəhbərləri və nüvə alimləri barədə ətraflı məlumat dosyeləri toplayaraq, koordinə olunmuş kampaniya çərçivəsində həm komandanlığı, həm də raket infrastrukturlarını hədəfə almağa nail olub. Bu yanaşma — insan kəşfiyyatı, texniki məlumat toplama və əməliyyat hazırlığını birləşdirən sistem — gələcək əməliyyatlar üçün model ola bilər.
Asimmetrik hava müdafiəsinin zərərsizləşdirilməsi
Əməliyyatın ən diqqətəlayiq texniki tərəfi İsrailin İranın hava müdafiəsini zərərsizləşdirməkdə istifadə etdiyi innovativ yanaşmadır. Ənənəvi hava hücumundan müdafiə əməliyyatları yerinə, İsrail əvvəlcədən yerləşdirilmiş sistemlərlə eyni anda yüksək dəqiqliklə zərbələr endirərək hədəfləri məhv etdi. Bu sistemlər mobil sistemlərə quraşdırılmış texnologiyalarla təchiz olunmuşdu və İranın hava müdafiə nöqtələrini ilk hücum anlarında sıradan çıxardı.
Bu üsul İsrailin hava üstünlüyü qazanmasına və əməliyyatın növbəti mərhələlərində manevr imkanına sahib olmasına şərait yaratdı. Yanaşma göstərir ki, xüsusi əməliyyatlar, müasir hava hücumundan müdafiə sistemlərində zəiflik pəncərələri yarada və daha sonra konvensional qüvvələr bu imkanlardan faydalana bilər. Çin kimi ölkələrin uzun mənzilli hava müdafiə sistemləri ilə Yaponiyanı, Tayvanı və ya Filippini təcrid etmək cəhdlərinə qarşı Qərb oxşar metodları nəzərdən keçirə bilər.
Strateji sürprizin sirri
Əməliyyatın bəlkə də ən təəccüblü cəhəti odur ki, İsrailin hərəkətə keçəcəyi barədə yayılan xəbərlərə baxmayaraq, strateji sürpriz əldə olundu. Son günlərdə bir neçə hesabat ABŞ rəsmilərinin İsrailin İranı vurmağa hazırlaşdığını düşündüyünü, bəzi Amerika personalının regiondan çıxarıldığını və diplomatik xəbərdarlıqların edildiyini bildirmişdi. Buna baxmayaraq, İran əməliyyatın miqyasına və koordinasiyasına hazır deyildi.
Bu göstərir ki, müasir müharibədə strateji sürpriz niyyətlərin deyil, imkanların və zamanlamanın gizli saxlanılmasına bağlıdır. İsrailin illərlə apardığı hazırlıq niyyətlərin açıq olmasına baxmayaraq əməliyyat sürprizini təmin etdi. “Times of Israel” qəzetinə danışan təhlükəsizlik rəsmisinin dediyinə görə, əməliyyat “inanılmaz təfəkkür, cəsarətli planlaşdırma və texnologiyanın, xüsusi qüvvələrin və İran daxilində işləyən agentlərin cərrahiyyə dəqiqliyində işə salınması” ilə həyata keçirilib.
Gələcək münaqişələr üçün 6 dərs:
1. Kəşfiyyat və xüsusi əməliyyat sintezi çəkindirmə üçün alət rolunu oynaya bilər və çəkindirmə uğursuz olduqda, alternativlər təqdim edir. İsrailin imkanları İranın qərarlarına illər boyu təsir edib.
2. PUA-lar, dəqiq raketlər və mobil sistemlər kimi yeni texnologiyalar klassik xüsusi əməliyyat prinsipini gücləndirə bilər. Bu, Ukraynanın “Operation Spiderweb” əməliyyatında da görünür.
3. Kəşfiyyat və SOF imkanları milli liderliyə əhatəli və çevik cavab variantları təqdim edir. İsrailin hazırlığı buna imkan verdi.
4. Ölkələr potensial münaqişə zonalarında uzunmüddətli hazırlıq üçün insan və texniki kəşfiyyatın birləşdirilməsinə yatırım etməlidir.
5. Əməliyyatın uğuru gərgin monitorinqə baxmayaraq, təhlükəsizliyin qoruna biləcəyini göstərdi. MOSSAD və IDF arasında illərlə koordinasiya bunu mümkün etdi.
6. Əgər İranın cavab zərbələri zəif olarsa, bu əməliyyat qabaqlayıcı zərbənin bir münaqişəni bitirib təhlükəsizlik məqsədlərinə çatmaq üçün səmərəli yol olduğunu göstərə bilər.
İsrail Baş naziri Netanyahunun “təhlükə tam aradan qaldırılanadək əməliyyat davam edəcək” bəyanatı göstərir ki, bu sadəcə birgünlük zərbə deyil, davamlı strategiya idi.
Son nəticə
“Oyanan Şir Əməliyyatı” xüsusi əməliyyatların İkinci Dünya Müharibəsindən bəri keçdiyi inkişaf mərhələsini təmsil edir. İllərlə aparılan hazırlıq, əvvəlcədən yerləşdirilmiş imkanlar və koordinə olunmuş hədəfləmə, ölkələrin strateji sürpriz əldə etməsi üçün yeni modellər yaradır.
Bu, hərbi planlaşdırıcılar üçün həm ilham, həm də dərsdir. Məsələ İsrailin imkanlarını təkrarlamaq deyil, bənzər kəşfiyyat-xüsusi əməliyyat sintezini yaratmaqdır. İranın nüvə imkanları məhduddur, lakin Rusiya və Çin kimi aktorlar böyük və davamlı nüvə arsenalına malikdir. Bu isə, qabaqlayıcı zərbələrdə riskləri qat-qat artırır.
Troya atında gizlənən yunan döyüşçüləri bu günün xüsusi əməliyyat logikasını başa düşərdilər: sürpriz, cəsarətli plan və aydın məqsəd. İsrailin uğuru ondan ibarətdir ki, bu prinsipləri XXI əsrin texnologiyasına uyğunlaşdıraraq müasir təhdidlərə cavab verdi və oxşar təzyiqlərlə üzləşən ölkələr üçün real nümunə yaratdı.
Firuz Bağırov
Ordu.az