Mümkün Paşinyan-Ərdoğan görüşü Ermənistan üçün strateji seçimlər qarşısında bir imtahandır. İran-İsrail qarşıdurmasının regional təhlükəsizlik arxitekturasını təlatümə uğratdığı bir dönəmdə, Ermənistanda təhlükəsizlik sahəsində operativ qərarvermə çevikliyini artırmağı hədəfləyirlər. Lakin bu çevikliyi yalnız normallaşma niyyəti ilə deyil, real və qarşılıqlı faydalı gündəmlə təmin etmək mümkündür. Əks təqdirdə, Ermənistan öz təhlükəsizlik risklərini siyasi ritorikaya çevirərək bu riskləri sadəcə format dəyişdirməklə idarə etmiş olacaq. Siyasi risklər və diplomatik çeviklik eyni şey deyil, diplomatiya imkanların koordinasiyasıdır.
Əgər Ankarada baş tutacaq mümkün görüşdə tərəflər mətbuata birgə bəyanatla çıxış etməyi planlaşdırırsa, bu, artıq texniki detallarla yanaşı, siyasi dilin də razılaşdırıldığı anlamına gəlir. Türkiyənin bu prosesdəki rolu isə tamamilə aydındır. Ankara uzun müddətdir ki, Cənubi Qafqazda öz diplomatik aktivliyini artırmağa çalışır və bu çərçivədə Ermənistanla münasibətlərin normallaşması həm regional sabitlik, həm də Azərbaycanla əməkdaşlığın dərinləşməsi baxımından Türkiyəyə ciddi strateji üstünlük qazandırır. Ermənistanın isə bu danışıqlarda real mövqe ortaya qoyması və regiondakı balanslı siyasət yürütməsi şübhə altındadır.
Paşinyanın Ankaraya səfəri baş tutarsa və bu səfər sadəcə regional risklər fonunda baş verirsə, bu, Ermənistan üçün riskin özüdür. Çünki belə bir səfər diplomatik bacarıqla yox, təzyiq və məcburiyyət altındakı davranışla həyata keçirilmiş görünəcək. Ermənistan bu səfərdən real qazanc əldə etmək istəyirsə, regional təhlükəsizlik arxitekturasında öz yerini müəyyən etməli, xüsusilə Azərbaycanla bağlı müsbət mövqe sərgiləməlidir. Əks halda, bu proses yalnız Ermənistanın növbəti siyasi və iqtisadi şərtlərlə üzləşməsi ilə nəticələnəcək.
Bəzi versiyalara əsasən, Paşinyanla Ərdoğan arasında imzalanması nəzərdə tutulan sənəd – ola bilsin ki, ortaq bəyanat və ya niyyətlərin ifadə olunduğu memorandum – əvvəlcədən razılaşdırılmadan bu görüşün baş tutması mümkün görünmür. Bu isə danışıqların artıq kifayət qədər konkret mərhələyə keçdiyini göstərir. Ermənistanın bu prosesdə təhlükəsizliyini təmin etmək əvəzinə, yalnız sülh görüntüsü yaratmaq məqsədilə iştirak etməsi isə daxili siyasi qüvvələr tərəfindən ciddi tənqidə səbəb olacaq.
Qısa müddət ərzində Ankaradakı bu prosesin pərdə arxası müəyyən qədər açılacaq və Paşinyanın real niyyəti, diplomatik mahiyyəti üzə çıxacaq.
Aqil Məmmədov
Ordu.az