İranın İsrailə qarşı müharibədə hansı seçimləri var? Hörmüz boğazı kartı işə düşür?

2025/06/1750167017.jpg
Oxunub: 819     19:31     17 İyun 2025    
İran artıq İsrailin dördgünlük hücumlarına “dözərək” 600-dən çox vətəndaşını, o cümlədən hərbi rəhbərliyinin böyük hissəsini itirib. Lakin onun cavabı İsrailin daha əvvəl heç vaxt yaşamadığı şəkildə olub. İranın raketləri Təl-Əviv və Hayfa da daxil olmaqla İsrailin ən böyük şəhərlərində dağıdıcı zərbələr endirib.

Hər iki tərəfin vurduğu ziyan dəqiq məlum deyil

Hər iki tərəfin nə qədər ziyan vurduğu və dəqiq hansı obyektlərin vurulduğu aydın deyil. Çünki bu hərbi qarşıdurma ilə yanaşı informasiya savaşı da gedir və dəqiq məlumatlara çıxış məhduddur.

Bundan əlavə, hər iki tərəfin nə qədər raket və sursat ehtiyatına sahib olduğu da naməlumdur. Bu münaqişənin nə qədər davam edə biləcəyi isə daha da qaranlıqdır.

Məlum olan odur ki, İranın Yaxın Şərqdə ən böyük raket proqramına sahib olduğu düşünülür. İranın minlərlə ballistik raketi var və onların mənzili və sürəti fərqlidir. Hazırkı hücum tempinə baxsaq, İran həftələrlə İsrailə hücum etməyə davam edə bilər, bu isə İsrail üçün ciddi ziyan vəd edir. İsrail cəmiyyəti daha əvvəl yalnız Qəzza, Livan və Yəməndəki daha zəif silahlı qruplardan hücumlara məruz qalmışdı və bu miqyasda dağıdıcı hücumlara alışmayıb.

Yeni nəsil raketlər səhnəyə çıxır

İran eyni zamanda daha müasir raketlərinin effektivliyini nümayiş etdirir. Bazar günü ilk dəfə istifadə olunan “Qasım” raketi İsrailin hava hücumundan müdafiə sistemlərini aşaraq hədəfə çatdı. İsraildə yayımlanan görüntülər bu raketin əvvəlki raketlərdən daha güclü və sürətli olduğunu aydın göstərdi.

Təbii ki, İranın bu cür raketlərdən sonsuz sayda olmadığı da məlumdur. Onlar bu raketlərin istifadəsini planlı şəkildə məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Lakin köhnə raketlərlə yanaşı minlərlə Pilotsuz Uçuş Aparatı (PUA) da olan İran, İsrailə ciddi zərbə vurmaq və “İranın gücü yoxdur” düşüncəsini alt-üst etməyə çalışır.

ABŞ ilə qarşıdurmadan yayınmaq

İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi İranın raket yağışları qarşısında ciddi şəkildə sınağa çəkilir. Lakin İsrail əsas müttəfiqi olan ABŞ-yə güvənərək bu hücumları qarşılayır.

ABŞ prezidenti Donald Tramp rəhbərliyindəki administrasiya hazırda İsrail və İran arasındakı bu qarşıdurmanın bir tərəfi olmadığını bəyan edib. Amma eyni zamanda İranın regionda ABŞ maraqlarına, o cümlədən Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücum edəcəyi təqdirdə ağır nəticələrlə üzləşəcəyini bildirib.

İran üçün ABŞ bazalarına və personalına hücum ssenarisi ən pis variantdır. Xameneyi adətən ehtiyatlı addımlar atır və ABŞ ilə birbaşa savaşa girmək istəmir. O, Vaşinqtona bu qarşıdurmaya rəsmi hərbi gücü ilə qoşulmaq imkanı vermək istəmir.

Birgə İsrail-ABŞ hücumu İranın ən yaxşı qorunan nüvə obyektlərini məhv edə və İsrailin əlini xeyli gücləndirə bilər.

Bu hücumda, eyni zamanda İranın birbaşa düşməni olmayan və Tehran üçün potensial vasitəçi sayılan Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrdəki ABŞ bazaları da hədəf ola bilər. Bu isə İranın istəmədiyi nəticələr doğura bilər.

Hörmüz boğazı kartı

İranın əlində digər seçimlər də var. O, dəfələrlə Omanla arasında yerləşən və milyonlarla barel neftin gündəlik daşındığı Hörmüz boğazını bağlamaqla hədələyib. Neft qiymətləri artıq cümə günü müvəqqəti olaraq 78 dollar/barel həddini keçib və yenidən enib. Lakin boğaz bağlanarsa, bu qiymətin 100 dollardan da çox olacağı ehtimal edilir.

Hörmüz boğazının bağlanması İranın əlindəki ən güclü kartlardan biridir və əgər döyüşlər davam edərsə, qısa müddətdə bu addımın atılması mümkündür.

Geri dönüş yolları

Buna baxmayaraq, İran bu qarşıdurmanı bitirəcək bir çıxış yolu (off-ramp) axtarır. Çünki bu qarşıdurma regional müharibəyə çevrilə və iki nüvə gücü – İsrail və ABŞ – ilə birbaşa savaşa yol aça bilər. Bu isə İran iqtisadiyyatına fəlakətli zərbə vura və ölkə daxilində narazılıqları gücləndirə bilər.

İran anlayır ki, İsrailin də bu savaşı nə qədər davam etdirə biləcəyinin bir limiti var. Lakin ABŞ-nin dəstəyi İsrailə sursat ehtiyatlarını daha tez bərpa etmək imkanı verir. İran isə belə bir üstünlüyə malik deyil.

İran hökuməti artıq bəyan edib ki, əgər İsrail hücumları dayandırsa, İran da cavab verməyəcək və ABŞ ilə nüvə danışıqlarına qayıtmağa hazırdır. İranın Xarici İşlər naziri Abbas Əraqçi bazar günü belə demişdi: “Bu [İsrailin] hücumları dayandıqdan sonra biz də təbii olaraq qarşılıq verməyəcəyik”.

Amma bu, ABŞ-dən asılıdır. Trampın İsrail və baş nazir Netanyahuya təzyiq göstərib-göstərməyəcəyi məlum deyil. Trampın bu münaqişə ilə bağlı ritorikası daim dəyişir. Bir tərəfdən döyüşlərin dayanmasına çağırır, digər tərəfdən İrana hədələr yağdırır. İran da yaxşı bilir ki, Trampa etibar etmək və ona arxalanmaq olmaz. Keçən həftə İsrailin hücumundan əvvəl ABŞ nüvə danışıqlarının bazar günü keçiriləcəyini bəyan etsə də, gizli şəkildə İsrailin hücum planını bilirdi. Bu da İran üçün bir “aldadılma” halı kimi qiymətləndirilir.

Bununla belə, ABŞ vasitəçiliyi ilə əldə olunacaq bir razılaşma, İsrailin cilovlanması və bu münaqişənin bitməsi üçün İranın qarşısında ən real yoldur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin