Qəzəb, İntiqam və Müharibənin Gələcəyi: İranın mümkün cavab variantları hansılardır?

2025/06/1750166933.jpg
Oxunub: 823     20:33     17 İyun 2025    
Müharibələr proqnozlaşdırılmazdır. Hazırkı münaqişənin necə bitəcəyini nə israillilər, nə də iranlılar dəqiq bilə bilər.

Lakin nəzərə alınmalı bir neçə oxşar tarixi nümunə mövcuddur. Birincisi, 1967-ci ildəki Altı Günlük Müharibədir. İkincisi, 2003-cü il İraq müharibəsi. Üçüncü ssenari isə İranın qeyri-ənənəvi vasitələrlə İsrailə və Qərbə cavab zərbəsi endirdiyi yeni tip münaqişədir. Bu, terrorizm və ya kütləvi qırğın silahlarını da əhatə edən hibrid müharibəyə çevrilə bilər.

Netanyahu hökuməti 1967-ci il hadisələrinin təkrarlanmasını çox istərdi. O zaman İsrailin qabaqlayıcı hava zərbəsi ilə Misir Hərbi Hava Qüvvələri yerindəcə məhv edilmiş və bu, Misir, Suriya və İordaniyaya qarşı sürətli qələbəyə zəmin yaratmışdı.

İsrail bu münaqişədə də sürətli və təsirli ilkin uğurlar əldə edib. Lakin İranın geniş coğrafiyaya yayılmış və yeraltında yerləşən nüvə proqramını sıradan çıxarmaq, yerüstü hədəfləri məhv etməkdən qat-qat çətindir.

Xüsusilə ABŞ-də bəzi tənqidçilər ehtiyat edirlər ki, bu vəziyyət 2003-cü il İraq müharibəsinin ilk mərhələlərini xatırladır. Həmin müharibə də guya nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədilə başlamışdı, arxa planda isə rejim dəyişikliyi məqsədi vardı. ABŞ rəhbərliyindəki koalisiya ilk mərhələdə uğur qazansa da, nəticədə müharibə qanlı bataqlığa çevrildi.

Ən real ehtimal budur ki, İsrail-İran münaqişəsi özünəməxsus bir yol izləyəcək. Qərb təhlükəsizlik rəsmilərini narahat edən ssenarilərdən biri isə ümidsizləşmiş İran rejiminin qeyri-ənənəvi vasitələrlə cavab verməyə qərar verməsidir.

Bir yüksək səviyyəli səlahiyyətli belə deyir: “Bu hələ Üçüncü Dünya müharibəsinə çevrilməyibsə, bunun səbəbi İranın konvensional üsullarla cavab vermək imkanlarının çox məhdud olmasıdır”. Başqa bir yüksək rütbəli şəxs isə bildirir ki, İsrail hökumətinin bu intensivliklə müharibəni davam etdirmək imkanları da məhdud ola bilər, çünki ölkənin silah ehtiyatları məhduddur.

Əgər İran rejimi konvensional münaqişədə ağır məğlubiyyətə doğru getdiyinə inanarsa, qarşısında çətin bir seçim dayanacaq. Ya vəziyyəti sakitcə qəbul edib, danışıqlar yolu ilə çıxış yolu axtarmalıdır, ya da qeyri-ənənəvi üsullarla eskalasiyaya getməlidir. Bu həddi keçmək ehtimalı rejim ölkədəki xalqına və dünyaya gücünü göstərmək zərurəti hiss etdikdə daha da yüksəlir. Qəzəb və intiqam hissi də heç vaxt az qiymətləndirilməməlidir.

Vaşinqton və Brüsseldə İran rejiminin sıxışdırıldığı halda, çarəsiz şəkildə zərbə endirəcəyindən ehtiyat edirlər.

ABŞ yaxın keçmişdə İranı gizli bioloji və kimyəvi silah proqramları ilə ittiham etmişdi. Bu narahatlıqlar doğru çıxarsa, Tehran İsrail və ya Amerika hədəflərinə öldürücü, lakin inkar edilə bilən formada cavab vermək imkanına sahib ola bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyi də bildirib ki, İran 60 faiz səviyyəsində zənginləşdirilmiş kifayət qədər uran ehtiyatına malikdir. Ümumiyyətlə qəbul olunur ki, Tehran nüvə silahı düzəltmək üçün 90 faiz zənginləşdirməyə çatmalıdır. Bu, bir neçə gün ərzində mümkün olsa da, silahlaşdırma daha uzun zaman alar.

Lakin silah ekspertləri bildirirlər ki, 60 faiz zənginləşdirilmiş uranla da ibtidai nüvə silahı düzəltmək mümkündür. “Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu”ndan David Albrayt və Sarah Burkard yazırlar: “60 faiz zənginləşmə səviyyəsi, nisbətən kompakt nüvə partlayıcısı düzəltmək üçün kifayətdir, 80 və ya 90 faizə qədər əlavə zənginləşdirmə lazım deyil”. Belə bir silah “təyyarə, gəmi konteyneri və ya yük maşını ilə çatdırıla biləcək səviyyədədir və İranı nüvə gücü kimi tanıtmaq üçün yetərlidir”.

İran belə bir ibtidai nüvə silahını nümayiş etdirərək İsraili müharibəni dayandırmağa məcbur edə bilər. Başqa bir ehtimal da “çirkli bomba”nın partladılmasıdır, yəni radioaktiv materialın adi partlayıcılarla ətrafa saçıldığı silahdan söhbət gedir. Mütəxəssislərin qorxduğu ssenarilərdən biri bu cür cihazın İsrailin Hayfa limanı yaxınlığında gəmidə partladılmasıdır.

Bu kimi ehtimallar yalnız İsrail tərəfindən deyil, ABŞ tərəfindən də ciddi şəkildə dəyərləndirilir. Ümumiyyətlə hesab olunur ki, yalnız ABŞ İranın yeraltı nüvə obyektlərindən biri olan Fordonu məhv edə biləcək qədər güclü bombalara malikdir.

Vaşinqtonda çoxları inanır (və ya qorxur) ki, ABŞ bombardman kampaniyasının ikinci mərhələsinə qoşulacaq, məqsəd isə Fordonu məhv edib İranın nüvə proqramını “tamamlamaqdır”. Lakin hətta ABŞ rəhbərliyindəki hücumun belə, bu məqsədə çatacağına dair heç bir zəmanət yoxdur. İsrailin sabiq baş naziri Ehud Barak yazır: “Həqiqət budur ki, amerikalılar belə İranın nüvə silahına çatmasını bir neçə aydan çox ləngidə bilməzlər.”

Barak iddia edir ki, İranın heç vaxt nüvə gücünə çevrilməyəcəyinə zəmanət verə biləcək yeganə yol, ABŞ və İsrailin “rejimə qarşı müharibə elan etməsi və onu devirməsidir”.

Lakin Donald Tramp dəfələrlə sülhməramlı olduğunu bəyan edib və İranla İsrail arasında razılaşma çağırışları edib. Cəmi bir ay əvvəl o, Ər-Riyadda mühüm çıxış edərək, kənardan güc yolu ilə Yaxın Şərqə müsbət dəyişiklik gətirmə fikrini ələ salmışdı. Əgər Tramp Yaxın Şərqdə daha bir rejim dəyişikliyi müharibəsinə cəlb olunarsa, bu, həm böyük bir ironiyaya, həm də ciddi siyasi uğursuzluğa çevrilərdi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   ABŞ  


Bizi "telegram"da izləyin