Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlıq və diplomatik yaxınlaşma xəttini son illərdə prioritet hesab etsə də, bu yanaşma əsasən bir çox qlobal gücün maraqlarına zidd addımlarla müşayiət olunur. Ermənistanın Hindistanı “Cənubi Qafqazda əsas tərəfdaş” kimi təqdim etməsi, əslində, regionda balansın pozulmasına və gərginliyin artmasına xidmət edən ritorikadır. Ermənistan öz təhlükəsizlik boşluqlarını doldurmaq üçün yeni tərəfdaşlar axtararkən, həmin tərəfdaşların regionla bağlı maraqları və niyyətləri bəzən ziddiyyətli, bəzən isə açıq-aşkar risklidir. Hindistan bu vəziyyətdən istifadə edərək, yalnız iqtisadi və texniki deyil, həm də siyasi nüfuzunu artırmaq istəyir.
Digər tərəfdən, Hindistanın İsraillə dərin əlaqələri fonunda Ermənistanla olan dialoqu İranın ciddi narahatlığına səbəb ola biləcək risklər doğurur. Əgər Ermənistan Hindistanla əməkdaşlığı İranla koordinasiya etmədən həyata keçirirsə, bu, regionda yeni gərginlik ocaqlarının yaranmasına gətirib çıxara bilər. Bu, xüsusilə indi İsrailin İrana qarşı əməliyyatlar keçirdiyi, ABŞ-nin proseslərdə dolayısı iştirak etdiyi və İranın strateji həssaslığının artdığı bir dövrdə daha da təhlükəlidir. Ermənistan üçün belə bir vaxtda Hindistanla hərbi və siyasi əməkdaşlığı açıq şəkildə qabartmaq, daha çox təxribat xarakteri daşıya və regionda özünü bir daha təcridə məruz qoyan aktor kimi təqdim edə bilər.
Eyni zamanda, Hindistan üçün Ermənistanla bu cür əməkdaşlıq, ilk baxışda Rusiyaya alternativ siyasət kimi görünə bilər, lakin Cənubi Qafqazda qeyri-sabitliyi dərinləşdirməkdən başqa real fayda gətirməyəcək. Digər tərəfdən Ermənistan belə əməkdaşlıqla sadəcə öz mövcud geosiyasi ziddiyyətlərini daha da dərinləşdirir və mümkün balanslaşdırıcı tərəfdaşları (İran, Rusiya və hətta Qərb ölkələri) əlavə suallar qarşısında qoyur.
Telefon danışığı zamanı qeyd olunan “müntəzəm əlaqə və sıx əməkdaşlıq” çağırışı isə daha çox formal və deklarativ xarakter daşıyır. Əgər bu müzakirələr konkret nəticə doğurmursa və ya regional sabitliyi təmin edən mexanizmlər əvəzinə yeni risklər doğurursa, bu cür təmaslar sadəcə diplomatik görüntü yaratmaq məqsədi daşıyır. Ermənistan üçün belə riskli əməkdaşlıqlar, təhlükəsizliyi möhkəmləndirmək əvəzinə, onu daha çox asılı və təcrid olunmuş mövqeyə sürükləyir.
Nəticə etibarilə, nə Hindistan Ermənistan üçün uzunmüddətli və risklərdən azad bir tərəfdaşdır, nə də Ermənistan Hindistan üçün sabit və effektiv regional platformadır. Hər iki tərəfin bu prosesə daxil olarkən güddüyü məqsədlər daha çox simvolik və ya diplomatik görüntü yaratmağa xidmət edir, nəinki real təhlükəsizlik mexanizmləri qurmağa. Bu isə həm regional sabitlik, həm də tərəflərin öz maraqları baxımından dərin və təhlükəli ziddiyyətlər yaradır.
Aqil Məmmədov
Ordu.az