Əslində, bu kimi situasiyalar beynəlxalq siyasətin sərt reallığını göstərir: heç bir dövlət digərinin verbal və ya qeyri-rəsmi təminatına arxalanaraq öz müdafiə sistemini zəiflətməməlidir. Hətta əgər ABŞ tərəfi həqiqətən də belə bir zəmanət vermiş olsa belə, İran kimi regional ambisiyalara sahib bir ölkənin bu bəyanata istinad edərək hərbi hazırlığını ikinci plana keçirməsi ya siyasi naivlikdir, ya da ictimai rəyə yönəlmiş məqsədli manipulasiya. İran burada ya öz strateji səhvini pərdələməyə çalışır, ya da bu vasitə ilə ABŞ üzərində diplomatik və psixoloji təzyiq qurmağa çalışır. Hər iki halda da hadisənin özü göstərir ki, qlobal güc balansı və regiondakı maraqlar daim dəyişkəndir və bu dəyişkənliyə hər an reaksiya vermək dövlətlərin əsas idarəetmə bacarığıdır.
Üstəlik, beynəlxalq münasibətlərdə əsas məsələ tərəflərin niyyətlərindən çox, bu niyyətlərin dəyişmə sürətidir. Hər bir dövlət öz maraqları çərçivəsində prioritetlərini istənilən an dəyişə bilər. Bu da onu göstərir ki, “dost” və “tərəfdaş” anlayışları beynəlxalq münasibətlərdə hər zaman müvəqqətidir və kontekstə bağlıdır. Bir dövlətin bu gün verdiyi söz, sabah başqa bir geosiyasi şərt altında önəmini və ya aktuallığını itirə bilər. Bu səbəbdən də hər bir dövlət özünü təkcə sözlərlə və ya diplomatik bəyanatlarla deyil, real güclə və kompleks milli təhlükəsizlik strategiyaları ilə müdafiə etməlidir.
İran nümunəsində müşahidə olunan vəziyyət göstərdi ki, qlobal sistemdə heç bir dövlət xarici zəmanətlərin arxasında gizlənərək daxili hazırlıqdan və çevik idarəetmədən imtina edə bilməz. Bu, yalnız İrana deyil, bütün geosiyasi maraqların toqquşduğu regionlarda yerləşən ölkələrə aiddir. Ölkələr bu reallığı nə qədər tez dərk etsə, bir o qədər effektiv və dayanıqlı dövlət idarəçiliyi qurmuş olacaqlar. Əks halda, hər hansı beynəlxalq tərəfdaşın və ya vasitəçinin sözü ilə öz təhlükəsizliyini təmin etdiyini zənn edən dövlət gec-tez ağır nəticələrlə üzləşəcək.
Aqil Məmmədov
Ordu.az