Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib - VİDEO+FOTOLAR

2024/06/1719414521.jpg
Oxunub: 534     18:45     26 İyun 2024    
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təntənəli mərasim keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən bildirilib.


Tədbirdə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər hərbi qulluqçular, şəhid ailələri, müharibə veteranları və qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Təntənəli mərasimdə çıxış edən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidentinin və müdafiə nazirinin təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Azərbaycan Ordusunun yaranma tarixindən bəhs edən Baş Qərargah rəisi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlardan danışıb.

Ali Baş Komandanın başçılığı ilə Vətən müharibəsində qazanılan şanlı qələbənin, eləcə də digər əməliyyatların uğurlu nəticəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin istənilən əmr və tapşırıqlarını yüksək peşəkarlıqla icra etməyə hər an hazırdır.

Tədbirdə çıxış edənlər şəhid ailələri, hərbi qulluqçular, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra iştirakçılara Azərbaycan Ordusunun yaranmasından və Vətən müharibəsində qazanılan şanlı Qələbəyə gedən yoldan bəhs edən *videoçarx* təqdim edilib.

Bayram tədbiri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Silahlı-Qüvvələr-Günü  


Bizi "telegram"da izləyin