KAAN pilotlarının gözü – ASELSAN “Tulgar” hansı üstünlükləri qazandıracaq?

2023/05/ASELS-5049287841.jpg
Oxunub: 5915     15:37     05 May 2023    
ASELSAN “Kaan” Milli Döyüş Təyyarəsi (MMU) pilotları üçün xüsusi olaraq “Tulgar” dəbilqə ilə inteqrasiya olunmuş görüntüləmə sistemini inkişaf etdirir. “Tulgar” mühüm imkanlarla təchiz olunacaq.

Dizayn şəkli bu yaxınlarda paylaşılan “Tulgar” sabit qanadlı platformalar üçün ASELSAN daxilində dizayn edilmiş visör (kamerada linzanın baxış sahəsini göstərən, görüntünün çərçivəyə salınmasında və fokuslanmasında istifadə edilən cihaz – red.) əks etdirən dəbilqəyə quraşdırılmış ekran sistemidir. Sistemdə pilot və təyyarənin imkan və qabiliyyətlərini, missiya sahəsi haqqında məlumatlılığı artırmaq üçün rəqəmsal gecə görmə, rəngli ekran və həssas baş izləmə texnologiyaları olacaq.

Milli Döyüş Təyyarəsi üçün hazırlanmış “Tulgar” dəbilqə ilə inteqrasiya olunmuş görüntüləmə sistemi F-35 və J-20 kimi 5-ci nəsil təyyarələrdəki analoqlarına bənzər şəkildə hazırlanıb. “Tulgar” pilotun situasiya məlumatlılığının yüksək səviyyədə olmasını hədəfləyir.

Türkiyənin Milli Döyüş Təyyarəsində Sensor Birləşmə elementlərindən alınan məlumatlar dərhal dəbilqə sisteminə ötürüləcək və pilotun vizöründə görüntülənəcək. “Tulgar” Dəbilqə Sistemi ilə ASELSAN ilk dəfə olaraq çoxrəngli təsvir texnologiyasını 5-ci nəsil təyyarəyə inteqrasiya edəcək.


Sensor birləşmə elementləri “Toygun” Elektro-Optik Sistem, infraqırmızı sensorlar, “Büfris” radar sistemi, uçuş sensorları və avionikalardır. Bu elementlərdən əldə edilən məlumatlar dərhal vahid hədəfləmə interfeysində birləşdiriləcək və pilotun dəbilqəsinin visöründə əks olunacaq.

ASELSAN “Tulgar”ın hibrid baş izləmə texnologiyası ilə pilot, baxdığı istiqamətdən asılı olmayaraq, təyyarənin verdiyi məlumatlara baxa və ya düşmən təyyarəsini hədəfə ala biləcək. Pilotlara erqonomik bir həll təklif etmək üçün dəbilqə vahidi yüngül kompozit materiallardan və istifadəçiyə uyğun olaraq hazırlanmış daxili dəbilqədən ibarətdir. Aktiv və passiv səs-küyü ləğv etmə imkanları ilə platformadan və digər mənbələrdən pilota çatan səs-küyün qarşısı alınır.

ASELSAN-ın sistemlə bağlı verdiyi məlumatlar belədir:

İnteqrasiya edilmiş rəqəmsal gecə görmə qabiliyyəti sayəsində sistem gecə və gündüz missiyalarında baş vahidində dəyişiklik etmədən istifadə edilə bilər. Sabit qanadlı platformalar üçün uyğun olan “Tulgar” sistemi davamlı dizaynı sayəsində sərt ekoloji şəraitdə istifadəyə hazırdır.


“Tulgar”ın ümumi xüsusiyyətləri

• Yüngül dəbilqə vahidi
• Rəngli ekran
• Pilotun başına uyğun formalaşdırılmış daxili dəbilqə quruluşu
• Rəqəmsal gecə görmə
• Hibrid baş izləmə sistemi
• Aktiv səs-küyün ləğvi
• Eynəklə istifadəyə uyğunluq
• 3D səs uyğunluğu
• 40°(Y)-32°(D) baxış sahəsi


İnterfeyslər

• ARINC-818-2 Video İnterfeysi
• “Display Port” Rəqəmsal Video I/O İnterfeysi
• Seriyalı İnterfeyslər (RS-232/RS-485/RS-422)
• Fərdi I/O İnterfeysi
• MIL-STD-1553 İnterfeysi

Fiziki xüsusiyyətlər

• Baş vahidinin çəkisi: < 2,1 kq (oksigen maskası daxil olmaqla)
• Elektron vahidin çəkisi: < 5 kq


Texniki xüsusiyyətlər

• Enerji daxil olması : 28 VDC (nominal)
• Enerji sərfi: 140 W (nominal)/190 W (maksimum)


Ətraf mühit şəraitləri

• İşləmə temperaturu (elektron vahid): -40°C/+70°C (pər soyutmalı), -55°C/+95°C (iqlimləşdirilmiş hava soyutmalı)
• Saxlama temperaturu (elektron vahid): -55°C / +95°C


Kvalifikasiyalar

• MIL-STD-810G W/Change 1
• MIL-STD-461G
• MIL-STD-1472G
• DO-254
• DO-178C


Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Tulgar  


Bizi "telegram"da izləyin