TÜBİTAK-SAGE, “Roketsan” və “Aselsan” tərəfindən hazırlanmış bütün yerli/milli raketlərin MMU-da istifadəsi üçün intensiv bir proses aparıldığını izah edən məhsul direktoru Türkiyə PUA-ları və MMU-nun eyni qolda ortaq vəzifələr yerinə yetirə biləcəyini də bildirib.
“TRT Haber”in efirində bildirilib ki, yerli və milli müdafiə sənayesinin ən əhəmiyyətli qurumlarından biri olan TUSAŞ bu günlərdə çox aktiv bir dövr yaşayır... Milli Döyüş Təyyarəsi (MMU) ANKA-3, “Hürjet”, “Hürkuş” ilə yanaşı, daha əvvəl davam edən platforma və infrastruktur işləri də tam sürətlə davam edir.
Öz sahəsində dünyanın ən yaxşıları arasında yüksələn, hər kəsin diqqət yetirdiyi layihələrdən biri də şübhəsiz ki, Milli Döyüş Təyyarəsi adlanan Türkiyənin ilk yerli və milli döyüş təyyarəsidir. Martın 17-də ilk sınağını edən və iki mindən çox insanın çalışdığı nəhəng platformanın inventardakı adının yaxın günlərdə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanması gözlənilir.
Milli Döyüş Təyyarəsinin məhsul direktoru Benan Aylanqan ilə TUSAŞ-ın Kahramankazandakı obyektlərində görüş keçrilib və ona MMU ilə bağlı ən çox verilən suallar ünvanlanıb. Aylanqan bəzi suallara aydın cavablar versə də, bəzi kritik məsələlərdə məxfilik qərarı davam etdiyi üçün müəyyən sualların cavabını verməyib.
Çox qiymətli bir ekosistem yaradıldı
Məhsul direktoru Aylanqan sözlərinə MMU ilə bağlı kritik bir qərarla başlayıb. O, Milli Döyüş Təyyarəsinin sadəcə bir döyüş təyyarəsi dizayn layihəsi olmadığını və burada çox qiymətli bir ekosistemin inkişaf etdirildiyini vurğulayıb.
Aylanqan qeyd edib ki, təyyarədəki alt sistemlərin əksəriyyəti Türkiyə müdafiə sənayesi şirkətləri tərəfindən dizayn edilib, inkişaf etdirilib və nəticədə sınaqdan keçirilib. Milli Döyüş Təyyarəsinin “yerlilik dərəcəsi” ilə bağlı suala o, “Ən yüksək səviyyəli yerlilik dərəcəsi var” cavabını verib.
Yerli mühərrik üçün işlər davam edir
Yerli və milli müdafiə sənayesi üçün bir platforma dedikdə, demək olar ki, hər kəsin ağlına gələn ilk iki məsələ mühərriklər və sursatlardır. Bilirik ki, MMU artıq ABŞ istehsalı olan bir mühərrik daşıyır və sınaq prosesləri bu mühərriklə tamamlanacaq. Benan Aylanqan MMU-nun qarşıdakı dövrlərdə yerli mühərrikə sahib olacağını və bu proses üzərində işlərin davam etdiyini açıqlayıb. Radara görünmə qabiliyyətinin aşağı olması döyüş təyyarələri üçün ən vacib məsələlərdən biridir... Yerli mühərrikin bu prosesdə necə sınaqdan keçəcəyini görəcəyik. Aylanqan yerli mühərrikin çox aşağı istilik yayma dəyərinə sahib olacağını vurğulayıb.
Prototiplərin hamısı uçacaq
Xüsusilə hava layihələrində “prototip” məsələsi bəzən fərqli işləyə bilər... Məsələn, bir döyüş təyyarəsinin yerüstü sınaqları üçün prototip hazırlanır. Sınaqlar tamamlanır. Bu prototip uçmur. Əldə edilən məlumatlar uçacaq platformaya ötürülür. Milli Döyüş Təyyarəsinin prototipinin uçub-uçamayacağı hər kəsi maraqlandırır... Benan Aylanqan MMU-da bu müddətdə 6-8 prototipin uçacağı məlumatını paylaşıb. Beləliklə, o, həm yerüstü, həm də hava sınaqlarının daha sürətlə tamamlana biləcəyini göstərir.
MMU-da radioelektron mübarizə qabiliyyəti hansı səviyyədə olacaq?
Son illərdə hərb sahəsində ən mühüm məsələlərdən biri də şübhəsiz ki, radioelektron mübarizə və qarışdırmadır. Aylanqan Türkiyə Hərbi Hava Qüvvələrinin bu mövzuda çox yüksək səviyyədə olduğunu və tələblərinin buna uyğun formalaşdığını söyləyir. Layihə sahibinin istəklərinə uyğun olaraq həm TUSAŞ, həm də “Aselsan” və digər əlaqədar qurumlar, xüsusilə TÜBİTAK addımlar atır. Aylanqan Milli Döyüş Təyyarəsinin radioelektron mübarizə və qarışdırma məsələsində çox yaxşı bir sınaq verəcəyini vurğulayır.
Döyüş təyyarəsi layihəsi necə sürətlə inkişaf etdi?
TUSAŞ köklü bir qurumdur. Qurum əməkdaşları indiyədək həm hərbi, həm də mülki aviasiya üçün son dərəcə dəyərli işlər görüblər. F-16 layihəsi üçün uzun illər irəli sürdükləri işlər çox kritik qazanclar gətirib.
Aylanqan bu prosesi vurğuladıqdan sonra sözü əldə edilən biliyə gətirir və “Layihələr necə bu qədər sürətlə irəliləyə bilər?” sualına cavab verir. O, təkcə F-16 döyüş təyyarələri və ya dünyanın ən böyük mühərrik istehsalçıları ilə deyil, ANKA, “Hürjet” və “Hürkuş” kimi öz imkanları ilə hazırladıqları layihələri də xatırladır.
Milli Döyüş Təyyarəsi hansı raketlərdən istifadə edə biləcək?
Aylanqan təyyarənin həm daxili silah stansiyası, həm də qanad altındakı xarici stansiyaları ilə bağlı bəzi suallara “məxfilik” səbəbindən cavab verməyib. Bununla belə, əsas maraq doğuran başqa bir mövzu olan “Milli Döyüş Təyyarəsi hansı raketləri ata biləcək?” sualına Aylanqan ətraflı cavab verir:
“Yerli döyüş sursatlarının inteqrasiyası Milli Döyüş Təyyarələri layihəsində ən vacib elementlərdən biridir. TÜBİTAK-SAGE, “Roketsan” və “Aselsan” tərəfindən hazırlanmış bütün sursatların həm MMU-nun daxili silah yuvalarında, həm də qanad altındakı xarici stansiyalarda inteqrasiya tədqiqatlarını həyata keçiririk. Bunu həyata keçirərkən biz həm TUSAŞ işçiləri, həm də yuxarıda qeyd etdiyim maraqlı tərəflərin ekspertləri ilə işləyirik. MMU inventara daxil olduqda, lazım olan bütün yerli sursatlardan istifadə edə biləcək. MMU-nun daxili silah yuvaları yerli sursatların inteqrasiyasına uyğun şəkildə hazırlanıb. Bundan əlavə, həm təyyarə üzərində işlər davam edir, həm də sursat hazırlayan şirkətlərdə dizayn və modifikasiya işləri eyni vaxtda aparılır”.
Milli Döyüş Təyyarəsi Pilotsuz Uçuş Aparatları ilə uça biləcəkmi?
ANKA-3 TUSAŞ-ın bu yaxınlarda elan etdiyi və dünyada böyük səs-küyə səbəb olan başqa bir platformadır. Aylanqana MMU və ANKA-3-ün eyni əməliyyat mühitində uçub-uçamayacağı sualı verilib.
“Milli Döyüş Təyyarələri layihəsi ilkin mərhələlərdə ancaq döyüş təyyarəsi layihəsi kimi görünürdü... Amma gəldiyimiz nöqtədə haqqında danışılan başqa bir konsepsiya MMU-nun PUA-lar ilə birlikdə əməliyyat mühitində fəaliyyət göstərə bilməsidir. Bunun mənası nədir? Ən ümumi formada MMU-da uçan pilot milli döyüş təyyarəsini idarə edərkən paralel olaraq uçan PUA-ların bəzi imkanlarını idarə edə biləcək. Daha dəqiq desək, onlar əməliyyat şəraitində öz vəzifələrini birlikdə yerinə yetirə biləcəklər. Biz bunların üzərində də işləyirik. Təbii ki, bu, bir qədər uzunmüddətli işdir, lakin biz bunun üçün də qollarımızı çırmaladıq”.
Milli Döyüş Təyyarəsində çox inkişaf etmiş sensorlar var
Aylanqanla söhbətin sonuna yaxınlaşdıqda sosial mediada tez-tez müzakirə olunan birləşmə məsələsinə qısaca toxunulub... Aylanqan Milli Döyüş Təyyarəsinin “yeni nəsil” olaraq adlandırılan bir təyyarə olduğunu vurğulayır və bu təyyarə tiplərinin çox ciddi missiya sensorlarına malik olduğu məlumatını paylaşır.
MMU bir çox sensordan minlərlə məlumatın alındığı nəhəng platformaya çevrilir.
“Əlbəttə, bunların hamısını pilota göstərəndə çox mürəkkəb bir sistem ortaya çıxır. Sensor birləşməsi və ya məlumat birləşməsi dediyimiz hal ən ümumi formada müəyyən bir alqoritmdə müxtəlif mənbələrdən aldığınız məlumatları süzgəcdən keçirir və pilota görməli olduğu məlumatları verir. Əslində, bu birləşmə məsələsi MMU missiya sistemlərində çox mühüm yer tutur. Bununla bağlı işlərimiz davam edir. Bu məqamda çox yaxşı vəziyyətdə olacağımızı deyə bilərik”, - deyə Aylanqan qeyd edib.
Sevinc Əliyeva
Ordu.az