Böyük çip müharibəsində kim qalib gələcək? – ANALİZ

2022/12/1671784239.jpg
Oxunub: 3320     20:17     23 Dekabr 2022    
Şərqi Avropada açıq müharibə ilə yanaşı dünya ABŞ və Çin arasında genişmiqyaslı iqtisadi müharibənin başladığının şahidi olur. Bu münaqişə yüksək nəticələrə səbəb olacaq və sürətlə genişlənir. Ötən aylarda ABŞ Ticarət Departamenti müasir yarımkeçiricilərin və ABŞ-ın digər yüksək texnologiyalı mallarının Çinə satışına yeni və ciddi məhdudiyyətlər tətbiq edib. Rusiya Ukraynanın enerji və istilik infrastrukturunu zədələmək üçün raketlərdən istifadə etdiyi halda, ABŞ indi Çinin hərbi, kəşfiyyat və təhlükəsizlik xidmətlərini məhdudlaşdırmaq üçün ixrac məhdudiyyətlərindən istifadə edir.

Avqustun sonunda ABŞ prezidenti Co Bayden Amerikanın yerli yarımkeçirici sənayesini gücləndirmək üçün subsidiyalar və digər tədbirləri özündə əks etdirən CHIPS aktını imzalayıb. Yarımkeçiricilər XXI əsr iqtisadiyyatının mərkəzindədir və uzun müddət belə də qalacaq. Mikroçiplər olmasa, smartfonlarımız işləməz, avtomobillərimiz hərəkət etməz, kommunikasiya şəbəkələrimiz fəaliyyətsiz qalar. Həyatımızın getdikcə daha vacib hissəsi olan bu texnologiyaların hazıranması üçün istifadə edilən mikroçiplər uğrunda müharibə böyük əhəmiyyət kəsb edir. Yeni çip müharibəsi gələcəyə nəzarət üçün müharibədir.

Yarımkeçirici dəyər zənciri hiper-qloballaşma dövrünə qədəm qoysa da, ABŞ və onun ən yaxın müttəfiqləri bütün əsas qovşaqlara nəzarət edirlər. Çip dizaynı daha çox Amerikada cəmləşib, Avropadan gələn müasir avadanlıq olmadan istehsal mümkün olmazdı və ən qabaqcıl çiplərin, o cümlədən Süni Zəka üçün vacib olan çiplərin mikrosxemlərinin istehsalı yalnız Şərqi Asiyada yerləşir. Bu günə qədər ən vacib oyunçu Tayvandır, lakin prosesdə Cənubi Koreya da iştirak edir.

Texnoloji üstünlüyə can atan Çin bu çiplərə getdikcə daha çox güvənməyə başlayıb və hökumət yerli istehsalı artırmaq və “özünü təmin etmək” üçün addımlar atır. Son illərdə Çin öz yarımkeçirici dizaynını və istehsal imkanlarını artırmaq üçün ciddi investisiyalar yatırıb. Ancaq bəzi irəliləyişlər olsa da, ABŞ-dan çox geri qalır və ən əsası, ən müasir çiplər hələ də Çinin istehsal imkanlarından uzaqdır.

ABŞ-ın Çinin qlobal texnologiya flaqmanı olan “Huawei” adlı telekommunikasiya nəhənginə bütün çiplərin satışını qadağan etməsindən artıq iki il keçir. Nəticələr dramatik olub. Smartfonlar üçün qlobal bazar payının 80%-ni itirdikdən sonra “Huawei” şirkətinin smartfon bölməsini, “Honor” modelini satmaqdan və korporativ missiyasını yenidən istiqamətləndirməkdən başqa seçimi qalmadı. ABŞ son addımı ilə “Huawei”yə etdiklərini bütün Çinə etməyi hədəfləyir.

Texnoloji müharibənin bu dramatik eskalasiyası eyni dərəcədə dramatik iqtisadi və siyasi nəticələrə səbəb olacaq, bəziləri dərhal görünəcək və bəzilərinin reallaşması üçün müəyyən vaxt lazımdır. Çin çox güman ki, müəyyən miqdar çip yığıb və sanksiyalardan yan keçmək üçün artıq mürəkkəb yeni şəbəkələr yaratmağa çalışır. (“Huawei”ə qadağa qoyduqdan sonra, ABŞ-ın çoxmillətli “Qualcomm” şirkətinin çiplərindən istifadə edən “Honor” telefonları sataraq tez bir zamanda geri qayıtdı)

Yeni sanksiyalar o qədər genişdir ki, zaman keçdikcə təkcə Çinin yüksək texnologiya sektoruna deyil, həm də iqtisadiyyatının bir çox digər hissələrinə ağır zərbə vuracaq. İndi Çinə ixrac edən hər hansı bir Avropa şirkəti məhsullarında ABŞ-a bağlı çiplərin olmadığına ikiqat əmin olmalıdır. Dəyər zəncirinin qlobal xarakterinə görə, Tayvan və ya Cənubi Koreyadan olan bir çox çiplər də qadağan olunacaq.

ABŞ siyasətinin rəsmi məqsədi qabaqcıl çipləri Çin ordusunun əlindən uzaq tutmaqdır. Lakin real təsir qarşıdakı onilliklərdə milli güc üçün kritik olacaq sektorlarda Çinin inkişafını məhdudlaşdırmaq olacaq. Çin şübhəsiz ki, öz imkanlarını inkişaf etdirmək üçün daha da güclü səylərlə cavab verəcək. Ancaq ən yaxşı şəraitdə və problemin həlli üçün istifadə olunacaq bütün resurslara baxmayaraq, hər hansı əlavə səylər öz bəhrəsini vermək üçün vaxt aparacaq, xüsusən indi ABŞ məhdudiyyətləri Çini özünü təmin etmək üçün lazım olan addımlardan məhrum edir.

Yeni çiplər müharibəsi daha geniş Çin-Amerika ayrılmasının şahidi olduğumuza dair qalan şübhələri aradan qaldırır. Bu inkişafın qlobal iqtisadiyyatın qalan hissəsi üçün çox geniş təsirləri olacaq, həmçinin onlardan bəziləri proqnozlaşdırıla bilər.

Rusiyanın apardığı “XX əsr müharibəsi” nə qədər qorxulu olsa da, XXI əsrdə əsl müharibələr ərazi işğalı ilə aparılmır. Ən güclü ölkələr iqtisadi, texnoloji və diplomatik sahələrə yiyələnənlər olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Şərqi-Avropa  


Bizi "telegram"da izləyin