Atəşə nəzarət radarları hədəfin koordinatını və trayektoriyasını ölçür və hədəfin növbəti yerini proqnozlaşdırır. ATN topladığı məlumatı atəşə nəzarət sisteminə ötürərək atəşə nəzarət sisteminin dəqiqliyini artırmağa çalışır. Onlar silah və raketlər üçün istiqamət müəyyənləşdirirlər. Raketin istiqamətləndirici versiyalarına “işıqlandırma radarı” da deyilir.
ATN-lər quruda, dənizdə və hava platformalarında əvəzolunmaz bir sistem hesab edilir. Əsas hava hücumundan müdafiə sistemlərində, "yer-yer", "yer-dəniz", "dəniz-dəniz", "dəniz-yer" tipli raket sistemlərində, qırıcılarda və hücum helikopterlərində istifadə olunur.
Hücum helikopterləri strukturlarına görə bir çox missiyada istifadəyə uyğun platformalar kimi dizayn edilib. Əsas məqsədi quru qoşunlarına yaxın hava dəstəyini təmin etmək olan hücum helikopterləri indi dəniz hədəflərinin məhv edilməsi, silahlı kəşfiyyat, silahlı müdafiə, SEAD/DEAD və dərin hücum missiyalarında iştirak edir.
Müasir döyüş meydanında situasiya şüuru əsas məqamlardan birinə çevrilib, ona görə hücum helikopterlərinin situasiya şüurunu artıracaq sistemlər helikopterlərdə daha çox istifadə olunur. Helikopterlərdə UV/İQ (infraqırmızı) raket xəbərdarlığı sistemləri, radar/lazer xəbərdarlıq qəbulediciləri və İQ sistemləri ilə yanaşı, axtarış və atəşə nəzarət radarları da yerləşdirilib. Helikopter atəşinə nəzarət radarları bugünkü ağır hücum helikopterlərinin əvəzsiz tərkib hissəsinə çevrilib, sistemlər helikopterlərə hədəfin aşkarlanması, nişan alması kimi mühüm yardımlar təmin edir.
Helikopter atəşinə nəzarət radarları adətən millimetr dalğası (mmW) diapazonundan, X, Ka, K və Ku diapazonlarından istifadə edir, bu da digər diapazonlardan daha yüksək ayırdetmə və dəqiqlik təmin edir. Dünyada helikopter atəşinə nəzarət radarlarının çox az versiyaları var və bu radarlar üzərində işləyən ölkələrin sayı çox azdır.

Helikopterin atəşə nəzarət radarlarının hədəfin nişan alınması qabiliyyətini maksimum dərəcədə artırmaq üçün helikopterdə RF (radiodalğa) ilə idarə olunan raketlərin olması vacibdir. RF ilə idarə olunan tank əleyhinə raket və atəşə nəzarət radarı ilə hücum helikopterləri hədəfi raket gücündə vura bilir. Atəşə nəzarət radarları helikopterin hədəfi nişan alma məsafəsini əhəmiyyətli dərəcədə artırır, RF ilə idarəolunan tank əleyhinə raketlərlə daha uzaq məsafədəki hədəflər vurula bilər.
Əksər RF ilə idarəolunan tank əleyhinə raketlərin aktiv radar axtarıcısı var, bu da helikopterlərin hədəfləri dəqiq atəşə tutma və məhv etmə qabiliyyəti ilə vurmasına imkan verir. RF ilə idarə olunan raketlərdən qat-qat çox istifadə edilən lazerlə idarə olunan raketlərdə raket hədəfə çatana qədər lazerlə işarələmə davam etməlidir.
Bundan əlavə, helikopterlərdə lazer göstəricisi olduğundan hədəf eyni anda vurula bilir. Sadalanan üstünlüklər üçün RF ilə idarə olunan raketlər lazım deyil. IIR ilə idarə olunan raketlər eyni zamanda bir neçə hədəfi vurmağa imkan verən atəşə nəzarət radarından da məlumat alır. IIR ilə idarə olunan raketlərin avtomatik hədəf izləmə imkanları RF ilə idarə olunan raketlərin aktiv radar başlığının təsirini üstələyə bilər. IIR ilə idarə olunan raketlərin RF ilə idarə olunan raketlərdən digər bir üstünlüyü terminal mərhələsində hədəfdə vurulacaq nöqtəni IIR başlığı ilə seçmək imkanıdır. Türkiyə hazırda T129 “Atak” helikopterində IIR əsaslı UMTAS raketindən fəal şəkildə istifadə edir. RF ilə idarəolunan tank əleyhinə raketlər üzərində işlər davam edir.
Helikopter atəşinə nəzarət radarlarının digər bir üstünlüyü hücum helikopterlərinə hava hədəflərini görmə şansı verməsidir. Bir çox helikopterlər atəşə nəzarət radarının hava axtarış rejimi ilə helikopterləri aşağı hündürlükdə uçan düşmən helikopterlərinə və döyüş təyyarələrinə qarşı xəbərdar edir. Bəzi radarlar isə helikopterlərin IR ilə idarəolunan hava-hava raketlərini SLAVE edə bilər (SLAVE radardan gələn məlumatlara uyğun olaraq IR/RF raketinin axtarış başlığının hədəfə yönəldilməsidir). Belə olan halda pilotun düşməni IR ilə idarə olunan raketlərlə vurması üçün hədəfi öz gözü ilə görməyə ehtiyacı yoxdur.
Türkiyənin hazırda aktiv şəkildə istifadə etdiyi T129 “Atak” və AH-1W “Super Cobra” tipli hücum helikopterlərində atəşə nəzarət radarı yoxdur. Türkiyənin ilk milli helikopterinin atəşə nəzarət radarı olan “Mildar” Müdafiə Sənayesi Komitəsi və METEKSAN ilə əməkdaşlıqda hazırlanıb.
Dünyada mövcud olan Helikopterin Atəşə Nəzarət Radarlarının əsas nümunələri aşağıdakılardır:
“Mildar”
METEKSAN tərəfindən hazırlanan “Mildar” istənilən hava şəraitində bir çox yer və hava hədəflərini avtomatik skan etmək, aşkar etmək və təsnif etmək qabiliyyətinə malikdir. Kiçik həcmə, aşağı çəkiyə və aşağı enerji istehlakına və RF ilə idarə olunan raketlər üçün silahlarla işləmək qabiliyyətinə malikdir. Hərəkət edən hədəfləri tez aşkar edir və onları izləməyə başlayır. Pilotda 360 dərəcə situasiya şüurunu yaradaraq mümkün hədəfləri radar ekranında təqdim edə bilir və eyni anda birdən çox hədəfi nişan almağa imkan verərək helikopterin hücum və sağ qalma qabiliyyətini artırır.
Bərk cisim elektronikası olan və millimetr dalğa diapazonunda işləyən “Mildar” ekvivalent radarlarla müqayisədə üstün xüsusiyyətlərə malikdir. “Mildar” “Terrain Profiling” (ARPO) rejimində helikopterin yerləşdiyi ərazinin topoqrafik xəritəsini 2,5 km-ə qədər məsafədə yarada və pilotların aşağı görünmə və aşağı hündürlük şəraitində təhlükəsiz hərəkət etməsi üçün maneələri aşkarlaya bilər. Axtarış izləmə (TWS) rejimində eyni anda 150 hərəkətli və stasionar hədəfi izləyə bilən “Mildar” 27 km məsafəyə malikdir.
“Mildar”ın TUSAŞ tərəfindən hazırlanan T929 “Atak-II” helikopterində istifadə edilməsi planlaşdırılır. Beləliklə, “Atak-II” dünyada bu xüsusiyyətə malik məhdud hücum helikopterlərindən biri olacaq.

Hazırlanma mərhələsində olan “Mildar” radarının ilk variantı T-129 “Atak” helikopterində sınaqlardan keçib. "Atak"ın bəzi versiyalarında “Atak-II” üçün nəzərdə tutulan “Mildar” versiyası istifadə olunacaq.
Türkiyənin bu sahədə inkişaf etdirdiyi ilk sistem olmasına baxmayaraq, “Mildar” bir çox mənbədə öz sahəsində dünyanın ən yaxşı radarlarından biri olaraq göstərilir.
AN/APG-78 “Longbow” radarı
ABŞ-ın “Lockheed Martin” və “Northrop Grumman” şirkətlərinin birgə hazırladığı “Longbow” radarı Ka diapazonunda fəaliyyət göstərən hücum helikopterinin atəşə nəzarət radarıdır. Hədəf axtarışı və izləmə, yerin xəritəsinin formalaşdırılması və havada axtarış rejimləri var. 1998-ci ildə AH-64D helikopterində istifadəyə verilən radar bu gün də kütləvi istehsal olunan AH-64 helikopterlərində istifadə olunur. AH-64E helikopterlərində ən müasir texnologiyalarla istehsal edilən “Longbow” radarlarından istifadə edilir.
AH-64E-dəki “Longbow” dəniz hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulan axtarış rejimi ilə təchiz edilib. İstənilən hava şəraitində işləyə bilən “Longbow” radarının son versiyası 360 dərəcə skan edərək 8-16 km məsafədə 128 hədəfi izləyə və onlardan 16-nı eyni anda vura bilir. “Longbow” radarı inventarında AH-64D və AH-64E helikopterləri olan bir neçə ölkə tərəfindən istifadə olunur. “Longbow” AH-1Z helikopterində də sınaqlardan keçirilsə də, bu helikopterlərdə quraşdırılmayıb
Dəbilqəyə quraşdırılmış nişangahlarla istifadə oluna bilən və helikopterlərin silahlarını istiqamətləndirə bilən “Longbow” AGM-114L "Longbow Hellfire” raketlərini idarə edə bilər. Radarlar AGM-179 JAGM raketlərini də idarə edə bilər.
KRET N025 “Arbalet”
N025 (bəzən FH01 adlanır) “Arbalet” Rusiyanın KRET müdafiə şirkəti (həmçinin Fazotron-NIIR kimi tanınır) tərəfindən hazırlanıb. Mi-28N və Ka-52 helikopterlərində istifadə olunur. Millimetr dalğa diapazonunda işləyən “Arbalet” sabit və hərəkət edən hədəfin skan edilməsi və izlənilməsi, yerin xəritələşdirilməsi və havada axtarış rejimlərinə malikdir. 15 kilometrə qədər hava hədəflərini və 32 kilometrə qədər körpü kimi yerüstü hədəfləri izləyə və aşkar edə bilir.
Ka-52 helikopterlərində 120 dərəcə baxış sahəsi ilə burun üzərində, Mi-28N helikopterlərində isə 360 dərəcə baxış sahəsi ilə rotorda yerləşdirilir. 9M123 “Xirazantema” raketlərinin radar şüası ilə idarə olunan variantı var, lakin “Arbalet” radarının bu raketi idarə edə biləcəyi və bu raketin Mi-28 və Ka-52 helikopterlərində istifadə edilib-edilmədiyi məlum deyil. Bununla belə, Mi-28N helikopterlərinin bəzi variantları 9M123 raketinin lazer şüası ilə idarə olunan versiyasından istifadə edir. Bu baxımdan, “Arbalet” radarının yanında RF və ya IIR idarə olunan raketlərin olmaması “Arbalet”in helikopterlərdə effektivliyini məhdudlaşdırır.
V006 “Rezets”
Rusiyanın KRET şirkəti tərəfindən Ka-52 helikopterləri üçün inkişafı davam edən AESA antenna quruluşlu yeni nəsil helikopterin atəşə nəzarət radarıdır. 640 ötürmə-qəbul modulu ilə təchiz edilmiş “Rezets” quru və dəniz hədəflərinə qarşı rejimlərdə 45 km məsafədə tank karvanlarını, 100 km məsafədə dəmir yolu körpüsünü və 150 km məsafədə esmines ölçüsündə gəmini aşkar edə biləcək.
Hava axtarış rejimində radar 50 km məsafədə 3 kvadratmetr radara görünmə sahəsinə malik döyüş təyyarəsini və 20 km məsafədə uçan helikopteri aşkarlaya biləcək. "Rezets" Ka-52 helikopterinin modernləşdirilmiş versiyası olan Ka-52M üçün hazırlanır. Ka-52M-də buruna sabitlənəcək radar 120 dərəcə baxış sahəsinə sahib olacaq.
Z-19 yüngül hücum helikopterinə quraşdırılan sirli radar
Çin istehsalı olan Z-19 yüngül hücum helikopterinin rotorunda, “Longbow” radarına bənzər mmW radarı əks olunub. Lakin radarın modeli və xüsusiyyətləri barədə məlumat verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az