Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması Ermənistanın hərb təxribatı ilə bağlı bəyanat yayıb

2020/07/15948-1594829027.jpg
Oxunub: 12607     19:59     15 İyul 2020    
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Azərbaycan icması Ermənistanın hərb təxribatı ilə bağlı bəyanat yayıb.

İcmanın üzvü, Əbu-Dabi Universitetinin müəllimi Şəhrizad Süleymanın AZƏRTAC-a verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar işğalçı Ermənistanın silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar BƏƏ-dəki yerli və xarici qurumlara, eləcə də, kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıblar.

Bəyanatda qeyd olunub ki, bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ağır artilleriya qurğularından istifadə etməklə atəşkəsi kobud şəkildə pozması, sərhəddə yerləşən hərbi obyektlərimizi və eyni zamanda, sərhədboyu mülki əhalinin yaşayış məntəqələrini dəfələrlə atəşə tutması həm hərbi qulluqçular, həm də dinc əhali arasında ölüm və yaralanma hallarının baş verməsi ilə nəticələnib. İnsanlığa sığmayan qəfil hücum birbaşa Ermənistan ərazisindən Azərbaycana qarşı törədilib və bu ölkənin əsrlər boyu davam edən işğalçılıq siyasətinin mahiyyətini bir daha ortaya qoyur. Azərbaycan Respublikasının beynəlxalq miqyasda siyasi və iqtisadi uğurlarını həzm edə bilməyən işğalçı Ermənistan dövləti özünün mənfur və xain əməllərindən əl çəkmir.

“Biz, BƏƏ-də yaşayan azərbaycanlılar bu təxribatı kəskin şəkildə pisləyirik. Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumu təcavüz, güc tətbiq etmə aktı və növbəti təxribat cəhdi kimi qiymətləndiririk və bildiririk ki, bu, Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamıdır”, -deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, BƏƏ-dəki Azərbaycan icması Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin, torpaqlarımızın işğaldan azad olunmasının təmin edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı addımları dəstəkləyir. Təcavüzkar Ermənistanı kəskin şəkildə qınayan və şəhid ailələrinə dərin hüznlə başsağlığı verən soydaşlarımız tarixi Vətənin ərazi bütövlüyünün beynəlxalq hüquq normalarına uyğun olaraq dinc yolla və ədalətli şəkildə həllinin tərəfdarı olsalar da, Ali Baş Komandanın əmri ilə bu yolda atılacaq bütün addımlara, o cümlədən Tovuz cəbhəsində vuruşmağa da hər an hazırdırlar.

Bəyanatda dünya ictimaiyyətinə, eləcə də aidiyyəti beynəlxalq təşkilatlara BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 qətnaməsinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həmvətənlərimizin pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində zəruri addımların atılmasına dair müraciət yer alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   BTM   BƏƏ  


Bizi "telegram"da izləyin