Ordu.az-ın bölgə müxbirinin məlumatına görə, anım mərasimi onun adını daşıyan məktəbin qarşısında təşkil edilib.
Mərasimə şəhidin ailə üzvləri, yaxınları ilə bərabər, qəsəbə sakinləri və vaxtilə onunla bir hərbi hissədə xidmət edən əsgər yoldaşları da qatılıb.
Çıxış edən xidmət yoldaşları bildiriblər ki, 2005-ci ilin sentyabrın 7-də səhər saatlarında ermənilərin təxribat qrupunu aşkarlayıblar. Düşmən tərəfin aşkarlanması, onların mövqelərimizə ediləcək hücum planını pozur. Bunu görən əsgərlərimiz düşmən əsgərlərinin bir neçəsini məhv etməyə nail olurlar.
Bu zaman yaralı erməni silahlısını ələ keçirmək üçün önə atılan Polad Əliyev snayperlə vurulur.
Polad Əliyevi yaralı olaraq götürsələr də, o, hospitala aparılarkən yolda şəhid olur. O, sentyabrın 8-də yaşadığı Hindarx qəsəbə məzarlığında dəfn edilir.
Çıxış edənlər bildiriblər ki, bu gün Polad Əliyev kimi igid əsgərlərimizin keçdiyi şəhadət yolu hər bir kəsin ürəyində əbədi olaraq yaşayacaq.
Tədbirdə məktəbli şagirdlərin hazırladığı ədəbi kompazisiyalar nümayiş etdirilib.
Daşqın Abdullayev
Ordu.az