Ordu.az xəbər verir ki, analitik 2026-cı il iyunun 9-da “X” sosial şəbəkəsində paylaşdığı araşdırmada Rusiyanın doqquz saxlama bazasında qalan tankların sayını qiymətləndirib.
Onun hesablamalarına görə, bazalarda ümumilikdə 2088 tank mövcuddur.
Bu sayın tərkibinə T-54/55, T-62, T-64, müxtəlif T-72 və T-80 versiyaları, eləcə də tranzit bazasında yerləşən mənşəyi müəyyən edilməmiş 50 tank daxildir.
Lakin analitik qeyd edir ki, bu rəqəm real istifadə potensialını əks etdirmir. İlk növbədə T-64 tankları hesablamadan çıxarılıb.
Rusiya bu tanklardan çox məhdud sayda istifadə edir və onların Ukrayna mənşəli olması, ehtiyat hissələri problemləri və Rusiya logistika sisteminə inteqrasiyasının çətinliyi səbəbindən praktik olaraq yararsız hesab olunur.
Bu səbəbdən 440 T-64 tankı ümumi hesablamadan çıxarılıb. 904-cü bazada yerləşən 50 naməlum tank isə ehtiyat sayılmır. Peyk görüntüləri göstərir ki, həmin obyekt saxlama bazası deyil, cəbhə ilə digər bazalar arasında tranzit məntəqəsi kimi fəaliyyət göstərir.
Bu düzəlişlərdən sonra ehtiyatda 1598 tank qalır. Bunların böyük hissəsini T-54/55, T-62, T-72 Ural, T-72A/B və T-80BV/U/UD tankları təşkil edir. Lakin analitik vurğulayır ki, bu tankların da hamısını istifadəyə yararlı hesab etmək olmaz.
Peyk görüntüləri bir çox bazalarda uzun illər açıq havada saxlanma, ehtiyat hissələri üçün sökülmə və baxımsızlıq nəticəsində ciddi şəkildə sıradan çıxmış tankların mövcudluğunu göstərir. Məsələn, 769-cu bazada yerləşən təxminən 200 T-62 tankı son iki il ərzində demək olar ki, yerindən tərpədilməyib.
Eyni bazadakı digər tanklar cəbhəyə göndərilsə də, həmin maşınların vəziyyətinin daha pis olduğu ehtimal edilir. 349-cu bazada yerləşən təxminən 250 T-72 “Ural” tankı isə 2025-ci ildə yoxlanılıb və yerləri dəyişdirilib, lakin döyüş istifadəsi üçün çıxarılmayıb.
Bu da onların texniki vəziyyəti ilə bağlı problemlərin mövcudluğunu göstərir. T-72B və T-80 seriyalı tanklarla bağlı vəziyyət də fərqlənmir. Analitik hesab edir ki, bu tankların əksəriyyəti ehtiyat hissələri üçün sökülüb.
Müşahidələrə görə, qalan T-80 tanklarının təxminən yarısı T-80U/UD versiyalarına aiddir. Bazalarda qüllələri sökülmüş təxminən 30 T-80 korpusu da aşkarlanıb.
Compi onların döyüş tankı kimi bərpa edilməsindən daha çox BREM-80 zirehli təmir-təxliyə maşınlarına çevriləcəyini ehtimal edir. Bütün bu amillər nəzərə alındıqdan sonra analitik Rusiyanın real istifadəyə yararlı tank ehtiyatını təxminən 851 ədəd səviyyəsində qiymətləndirib.
Onun sözlərinə görə, bu tankların böyük hissəsi köhnəlmiş və pis vəziyyətdə olan T-62-lər, təxminən 100 T-54/55 və 150-yə yaxın T-72A tanklarından ibarətdir. Təhlildə Omsktransmaş müəssisəsində T-80 tanklarının modernləşdirilməsi ilə bağlı ayrıca qiymətləndirmə də yer alıb.
Mövcud istehsal tempi saxlanılarsa, müəssisənin modernləşdirmə üçün yararlı T-80 korpusları ehtiyatı təxminən 12 ay ərzində tükənə bilər. Bu halda müəssisə ya T-80 istehsalını dayandırmalı, ya da daha bahalı və vaxt aparan yeni istehsala başlamalı olacaq.
2026-cı ilin iyunun əvvəlinə qədər 500 kilometrdən artıq məsafədə istifadə olunan yeni versiyaların qeydə alınmaması isə bəzi proqramların hələ də sınaq mərhələsində olduğunu göstərir.
Sevinc Əliyeva
Ordu.az