Ermənistan İstintaq Komitəsi erməni siyasi xadimlərin saxlanılması və axtarışa verilməsi barədə məlumat yayıb

2026/06/1781265295.jpg
Oxunub: 181     15:55     12 İyun 2026    
Ermənistan İstintaq Komitəsi erməni siyasi xadimlər Alen Gevondyanın saxlanıldığını, Tiqran Vardanyanın isə axtarışa verildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyindən daxil olmuş materiallar əsasında Alen Gevondyan və Tiqran Vardanyanın sosial şəbəkələrdə hakimiyyətin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş ictimai çağırışlar etdikləri iddia olunur.

Bununla bağlı dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin istintaqı üzrə baş idarədə iki cinayət işi başlanıb.

Qeyd edilir ki, istintaq çərçivəsində hər iki şəxs barəsində Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ictimai cinayət təqibi başladılıb.

İstintaq Komitəsinin məlumatına görə, Tiqran Vardanyan barəsində həbs qətimkan tədbiri seçilib və o, axtarışa verilib. Alen Gevondyan isə məhkəməyə qətimkan tədbiri təqdim edilməsi məqsədilə saxlanılıb.

Qurum bildirib ki, cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Alen Gevondyan siyasi şərhçi və müəllim, Tiqran Vardanyan isə Ermənistan Respublikaçılar Partiyasının üzvüdür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gevondyan   Vardanyan  


Bizi "telegram"da izləyin