Tallinin mərkəzində partlayışlardan qorunmaq üçün ilk modul sığınacaq quraşdırılıb

2026/06/1781262879.jpg
Oxunub: 207     15:16     12 İyun 2026    
Estoniyanın paytaxtı Tallində əhalinin mümkün təhlükələrdən qorunması məqsədilə ilk modul sığınacaq istifadəyə verilib.

Ordu.az xəbər verir ki, bu barədə iyunun 11-də ERR dövlət teleradio şirkətinin portalı məlumat yayıb.

Məlumata görə, dəmir-beton konstruksiyalardan hazırlanan sığınacaq “Citysec Industry” şirkəti tərəfindən hədiyyə edilib və partlayışlardan, zərbə dalğalarından, eləcə də qəlpələrdən qorunmaq üçün nəzərdə tutulub.

Bildirilir ki, modul quruluş sayəsində sığınacaq lazım gəldikdə qısa müddətdə sökülərək başqa əraziyə daşına bilər.

Qeyd olunur ki, layihə pilot xarakter daşıyır və onun nəticələrinə əsasən Tallin meriyası bu tip sığınacaqların şəhər üzrə daha geniş tətbiqi barədə qərar qəbul edəcək.

Xatırladaq ki, Estoniya hökuməti 2024-cü ilin mart ayında yeni tikilən iri binalarda məcburi sığınacaqların yaradılmasına hazırlıqla bağlı qərar qəbul etmişdi.

Daha sonra Estoniya Daxili İşlər Nazirliyi mülki müdafiə sığınacaqlarının qurulması üçün təxminən 2 milyon avro vəsait ayrılmasını nəzərdə tutan qərar layihəsi hazırlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tallin   Estoniya  


Bizi "telegram"da izləyin