ABŞ-də “86 47” yazısı Trampa təhdid kimi araşdırılır

2026/06/1781262427.jpg
Oxunub: 199     15:05     12 İyun 2026    
Vaşinqtonda Milli “Mall” parkının qazonunda peyda olan “86 47” rəqəmləri ilə bağlı araşdırma başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın siyasətinə etiraz simvolu kimi istifadə edilən “86 47” rəqəmləri Vaşinqtondakı Milli “Mall” parkının qazonunda aşkarlanıb. Hadisə Trampın ad günü ilə əlaqədar keçiriləcək tədbirdən bir neçə gün əvvəl baş verib.

Vaşinqton abidəsinin zirvəsindən yayımlanan görüntülərdə rəqəmlərin qazonun böyük hissəsində qurumuş ot formasında göründüyü müşahidə olunub.

Şahidlərin sözlərinə görə, günorta saatlarında əraziyə giriş məhdudlaşdırılıb, bir neçə fövqəladə xidmət avtomobili hadisə yerinə cəlb olunub. ABŞ Ordusunun “Qızıl Cəngavərlər” paraşüt komandası da həmin əraziyə eniş edib.

Ağ Evin mətbuat katibi Devis İnql CNN-ə bildirib ki, siyasi zorakılığa, sui-qəsd mədəniyyətinə qatılan və ya bunu dəstəkləyən hər kəs qəti şəkildə qınanmalıdır.

ABŞ Gizli Xidməti və Federal Təhqiqat Bürosu məsələ ilə bağlı şərh sorğularını ABŞ Milli Parklar Polis İdarəsinə yönləndirib. Hazırda hadisənin araşdırılması həmin qurum tərəfindən aparılır.

CNN-in hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, şübhəli şəxs müəyyən edildikdən sonra Gizli Xidmət istintaqa qoşulacaq.

Milli Parklar Polis İdarəsinin nümayəndəsi qazonun rənginin dəyişməsinə səbəb olan amilin hələ müəyyən edilmədiyini açıqlayıb. Onun sözlərinə görə, laborator analiz üçün nümunələr götürülüb.

ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi hadisəni “ağılsız vandalizm aktı” adlandıraraq buna dözümlə yanaşılmayacağını bildirib. Mətbuat katibinin sözlərinə görə, prezidentə qarşı yönələn istənilən təhdid ciddi qəbul olunur və günahkarlar məsuliyyətə cəlb ediləcəklər.

Qeyd edək ki, “86” ifadəsi ABŞ-də tez-tez hansısa sifarişin ləğvi və ya şəxsin uzaqlaşdırılması mənasında istifadə olunur. Donald Tramp isə ABŞ-nin 47-ci prezidentidir. Bu səbəbdən “86 47” kombinasiyası bəzi dairələr tərəfindən Trampa qarşı siyasi etirazın simvolu kimi qiymətləndirilir.

Bundan əvvəl Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komi də sosial şəbəkədə dəniz qabıqlarından düzəldilmiş eyni rəqəmlərin əks olunduğu şəkli paylaşdığı üçün Trampa təhdid ittihamları ilə üzləşmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin