Türkiyə Fransa ilə Kipr arasında imzalanan müdafiə sazişini qanunsuz adlandırıb

2025/06/thumb-1750703964.jpg
Oxunub: 222     22:52     11 İyun 2026    
Türkiyə Müdafiə Nazirliyi Fransa ilə Kipr arasında imzalanmış müdafiə sahəsində əməkdaşlıq sazişinin beynəlxalq hüquqa və 1960-cı il razılaşmalarına zidd olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, sənəd bazar ertəsi Nikosiyada imzalanıb və iki ölkə arasında müdafiə əməkdaşlığının gücləndirilməsi, həmçinin Avropa İttifaqının strateji muxtariyyət imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Saziş Fransa Silahlı Qüvvələrinin Kiprdə yerləşdirilməsinə də imkan yaradır. Fransa Prezidenti Emmanuel Makron daha əvvəl bildirmişdi ki, bu addım Şərqi Aralıq dənizi və Yaxın Şərqdə humanitar əməliyyatların həyata keçirilməsinə töhfə verəcək.

Ankara isə sazişi sərt şəkildə tənqid edərək Fransanın Kipr nizamlanmasının qarant ölkələrindən biri olmadığını vurğulayıb. Türkiyə tərəfi hesab edir ki, kiprli yunan administrasiyası kiprli türklərin hüquqlarını nəzərə almadan birtərəfli addımlar atır.

Nazirliyin bəyanatında qeyd olunub ki, razılaşma həm beynəlxalq hüquqa, həm də Kiprin konstitusion quruluşunun əsasını təşkil edən 1960-cı il sazişlərinə ziddir.

Türkiyə Müdafiə Nazirliyi həmçinin kiprli türklərin təhlükəsizliyinə yönələn hər hansı təhdidə qətiyyətlə cavab verməyə hazır olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Fransa   Kipr  


Bizi "telegram"da izləyin