Ordu.az xəbər verir ki, bu barədə “Northrop Grumman” şirkəti məlumat yayıb.
Kaliforniya ştatının Redondo Biç şəhərində yerləşən müəssisədə hazırlanan yarımkeçirici texnologiyası laboratoriyadan praktik istifadəyə keçid müddətini altı aydan aşağı salıb. Şirkətin istehsal etdiyi mikroçip peyklər və radar sistemləri üçün ultra təhlükəsiz simsiz məlumat ötürülməsini təmin edən yüksəktezlikli W-Diapazon spektrindən tam imkanlarla istifadə edə bilən ilk həllərdən biri hesab olunur.
Yeni texnologiya həm hərbi rabitə şəbəkələrinin, həm də yeni nəsil 5G və 6G mülki infrastrukturunun dəstəklənməsi məqsədilə hazırlanıb.
Kiçik ölçülərinə baxmayaraq, “GaN” çipi simsiz siqnalları gücləndirən yüksək səmərəli arxitekturaya malikdir və yüksək enerji sərf edən iri avadanlıqları əvəz edir.
W-Diapazon spektrinin yüksəktezlikli xüsusiyyətləri sayəsində hərbi radarlar ənənəvi sistemlərlə müqayisədə daha ətraflı məlumatları dəfələrlə daha sürətli qəbul və ötürə bilir.
Qallium Nitrid texnologiyasının təmin etdiyi yüksək güc sıxlığı əməliyyat bölgələrində fəaliyyət göstərən hərbi bölmələr üçün siqnal keyfiyyətini artırır, eyni zamanda simsiz məlumat axınının kiber təhdidlərə qarşı təhlükəsizliyini maksimum səviyyəyə çatdırır.
Yarımkeçirici texnologiyalarının hazırlanmasında əldə edilən bu sürət ABŞ Müharibə Nazirliyinin Tədqiqat və Mühəndislik üzrə Müsteşarlığı tərəfindən maliyyələşdirilən “Microelectronics Commons California DREAMS Hub” proqramı çərçivəsində mümkün olub.
“Northrop Grumman”ın aparıcı tərəfdaşlarından biri olduğu konsorsium sənaye, dövlət və akademik qurumların əməkdaşlığı əsasında kritik mikroçip innovasiyalarının laboratoriyadan döyüş meydanına və bazara çıxarılması müddətini minimuma endirməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az