İsrail tanınmış fransalı jurnalisti ölkədən deportasiya edib

2026/06/1781017270.jpg
Oxunub: 190     23:58     11 İyun 2026    
İsrail hakimiyyəti tanınmış fransalı jurnalist Elis Frusarın ölkəyə girişinə icazə verməyərək onu Fransaya geri göndərib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi jurnalistin işəgötürəni və İsraildəki Xarici Mətbuat Assosiasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, uzun illər İsraildə və Fələstin ərazilərində fəaliyyət göstərən Elis Frusar çərşənbə günü Parisdən Təl-Əvivdəki Ben Qurion hava limanına gəlib.

“Radio France Internationale”nin (RFI) məlumatına əsasən, jurnalistin səfər üçün bütün zəruri icazələri olub və o, İsrailin nəzarətində olan İordan çayının qərb sahilində işləmək üçün viza almaq məqsədilə müraciət etmişdi.

Lakin hava limanına çatdıqdan sonra Frusar dindirilib, saxlanılıb və daha sonra təyyarə ilə Fransaya geri göndərilib.

RFI bəyan edib ki, İsrail hakimiyyəti qəbul edilən qərarla bağlı heç bir izahat verməyib.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Paskal Konfavr jurnalistə dəstək göstərilməsi üçün diplomatik kanalların səfərbər edildiyini bildirib. Bununla yanaşı o qeyd edib ki, deportasiya qərarı İsrail hakimiyyətinin suveren səlahiyyətləri çərçivəsində qəbul olunub.

Bir sıra İsrail KİV-lərinin məlumatına görə, Diaspor və antisemitizmlə mübarizə naziri Frusarın İsrailə girişinin qadağan edilməsinə göstəriş verib. Səbəb kimi jurnalistin Qəzza və İordan çayının qərb sahilindəki hadisələri işıqlandırarkən İsrailin siyasətini təsvir etmək üçün “apartheid” ifadəsindən istifadə etməsi göstərilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fransa  


Bizi "telegram"da izləyin