Kanada Ukraynaya yeni “Roshel Senator” MRAP zirehli maşınlarının tədarükünə başlayıb

2026/06/1781248060.jpg
Oxunub: 228     11:06     12 İyun 2026    
Kanada Ukraynaya hərbi dəstək çərçivəsində yeni “Roshel Senator” minaya qarşı dayanıqlı zirehli maşınlar partiyasının çatdırılmasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Kanada Silahlı Qüvvələri məlumat yayıb.

Yayımlanan görüntülərdə texnikanın Avropada boşaldıldığı və Ukraynaya son təhvil mərhələsinə hazırlıq görüldüyü əks olunub. Tədarük Ottavanın 2026-cı il fevralın 24-də elan etdiyi və ümumilikdə 383 ədəd “Roshel Senator” zirehli maşınını əhatə edən yardım paketinin bir hissəsidir.

Kanadanın “Roshel” şirkəti tərəfindən “Ford F-550” şassisi üzərində hazırlanan Senator MRAP minaya və əldəqayırma partlayıcı qurğulara qarşı yüksək qorunma təmin etmək üçün layihələndirilib. Ukrayna Müdafiə Nazirliyi bildirib ki, maşının hazırkı konfiqurasiyası döyüş bölgəsində əldə edilmiş əməliyyat təcrübələri əsasında təkmilləşdirilib.

Yeni versiyada zirehli korpus və şüşələr, partlayışa davamlı V formalı altlıq konstruksiyası, “run-flat” təkərlər və mərkəzləşdirilmiş təkər təzyiqi sistemi mövcuddur. “Roshel Senator” NATO-nun STANAG 4569 standartının 2-ci və 3-cü səviyyə qorunma tələblərinə cavab verir.

Maşın ekipajı zirehdələn 7,62 mm çaplı sursatlardan, artilleriya qəlpələrindən və 8 kiloqram TNT ekvivalentinə malik mina partlayışlarından qoruya bilir. Bu xüsusiyyətlər Ukraynada geniş mina təhlükəsinin mövcud olduğu döyüş bölgələrində texnikanın əhəmiyyətini artırır.

Kanada hökuməti Rusiya-Ukrayna müharibəsinin dördüncü ili münasibətilə açıqladığı yeni yardım paketində Ukraynaya 383 ədəd “Roshel Senator” MRAP və 66 ədəd LAV-6 zirehli döyüş maşını verəcəyini bildirmişdi.

Paketin maliyyələşdirilməsi Kanadanın 2026-2027-ci maliyyə ili üçün ayırdığı təxminən 2 milyard dollarlıq hərbi dəstək büdcəsi hesabına həyata keçirilir. “Roshel” şirkətinin məlumatına görə, indiyədək Ukrayna Silahlı Qüvvələrinə Senator ailəsinə aid 2500-dən çox zirehli maşın təhvil verilib.

Bu texnikalar şəxsi heyətin daşınması, yaralıların təxliyəsi, komanda-idarəetmə və mina təmizləmə tapşırıqları da daxil olmaqla müxtəlif missiyalarda istifadə olunur.

Kanada həmçinin Ukraynaya hərbi hazırlıq dəstəyi verən “Operation” UNIFIER missiyasının müddətini 2029-cu ilə qədər uzadıb və 2015-ci ildən etibarən 47 mindən çox ukraynalı hərbçiyə təlim keçdiyini açıqlayıb.

Sevinc Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ukrayna   MRAP  


Bizi "telegram"da izləyin