Ordu.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin NSN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ dövlət katibinin Ermənistana səfəri əslində iyunun 7-də keçiriləcək seçkilərdə Paşinyan və onun komandasına dəstək məqsədi daşıyır.
“Bu, ABŞ dövlət katibinin seçkiqabağı səfəridir. Bundan əvvəl də müxtəlif səfərlər təşkil olunur, bu, ilk belə hadisə deyil. Bütün bunlar Rusiyadan Qərbə dönüş edən Paşinyana dəstək vermək üçün ümidsiz istəkdir.
Məhz buna görə hərtərəfli tərəfdaşlıq, “Tramp dəhlizi” və digər məsələlərlə bağlı ritorika səsləndirilir. ABŞ-də yüksək səslənən sözləri sevirlər, əməli işləri yox.
Sual budur ki, bu tərəfdaşlıq Ermənistanın Rusiya ilə razılaşmaları və KTMT çərçivəsindəki öhdəliklərinə necə uyğun gəlir? Bu sənəd Ermənistanla Rusiya arasındakı münasibətlərin dağıdılmasına yönəlib və Paşinyan da buna gedir.
ABŞ tərəfindən bu tərəfdaşlıq Ermənistan dövlətçiliyinə və ya məsələn, hücumdan müdafiəyə təminat verirmi? Mənim anladığım qədərilə heç kim üzərinə belə öhdəlik götürmür”, - deyə Zatulin bildirib.
O əlavə edib ki, ABŞ öz maraqlarını həyata keçirir, Paşinyan isə seçki prosesini idarə edir.
“Paşinyan ümid edir ki, seçki prosesini elə manipulyasiya edir ki, seçkiləri əvvəlcədən obyektiv hesab etmək mümkün olmasın. Seçki iştirakçıları qeyri-bərabər şəraitdədir.
ABŞ və Avropa İttifaqının marağı Paşinyan hakimiyyətdə olduğu müddətdə vəziyyətdən istifadə etmək, Ermənistanla Rusiya arasına nifaq salmaq və hətta bu əlaqələrin qırılmasını geri dönməz etməkdir”, - deyə Zatulin vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az