EDGE Braziliya ilə MANSUP raketinin istehsalını sürətləndirir

2026/04/1776408638.jpg
Oxunub: 400     11:03     17 Aprel 2026    
Birləşmiş Ərəb Əmirlikləri mərkəzli müdafiə şirkəti EDGE “Group” Braziliya Hərbi Dəniz Qüvvələri ilə həyata keçirdiyi MANSUP gəmi əleyhinə raket proqramında inkişaf və istehsal fəaliyyətlərini sürətləndirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkət standart MANSUP ilə daha uzun mənzilli MANSUP-ER variantını əhatə edən işlərin yerli sənaye tərəfdaşları və son istifadəçi bölmələrlə koordinasiya şəraitində davam etdirildiyini bildirib.

Proqram yerli istehsal qabiliyyətini gücləndirməyi hədəfləyir

MANSUP proqramı Braziliyanın dəniz hədəflərinə qarşı zərbə imkanlarını yerli imkanlarla inkişaf etdirmə strategiyasının mühüm hissəsi kimi önə çıxır. Layihə çərçivəsində inkişaf etdirilən sistemlərin həm açıq dənizdə, həm də sahil müdafiəsi tapşırıqlarında istifadə olunmaq üçün hazırlandığı qeyd edilib.

Proqramın sürət qazanmasında “EDGE”in 2023-cü ildə Braziliyanın müdafiə şirkəti SIATT-də 50% pay almasının təsirli olduğu bildirilib. SIATT-ın MANSUP (AV-RE40) raketinin inkişafında əsas rol oynayan şirkətlərdən biri olduğu, layihədə əlavə olaraq “Avibras” və “Omnisys” kimi yerli şirkətlərin də yer aldığı qeyd olunub.

Texniki xüsusiyyətlər dəniz əməliyyatlarına uyğun hazırlanıb

MANSUP və MANSUP-ER raketlərinin bütün hava şəraitində tapşırıq icra edə biləcək şəkildə inkişaf etdirildiyi bildirilib. Sistemlərin dəniz səthinə çox yaxın hündürlükdə uçuş həyata keçirən “sea-skimming” profilindən istifadə etdiyi və bunun sayəsində hədəf gəmilərin radarları tərəfindən aşkarlanmasının çətinləşdirildiyi qeyd olunub.

Raketlərdə əlavə olaraq radioelektron mübarizəyə davamlı aktiv radar axtarış başlığının olduğu, bu sistem sayəsində raketin uçuşun son mərhələsində hədəfini müstəqil şəkildə aşkarlayıb izləyə bildiyi bildirilib.

Beynəlxalq əməkdaşlıq və sənaye qazancları ön plana çıxır

EDGE tərəfindən yayımlanan açıqlamada proqramın yalnız bir silah sistemi inkişaf etdirmə layihəsi olmadığına diqqət çəkilərək yerli sənaye potensialının artırılması və uzunmüddətli istehsal infrastrukturunun gücləndirilməsinin də hədəfləndiyi vurğulanıb.

Şirkət Braziliya ilə həyata keçirilən əməkdaşlığın ölkənin müdafiə sənayesi infrastrukturuna əlavə investisiya və istehsal potensialı qazandırdığını bildirib. Açıqlamada deyilib: “Proqram yerli tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində irəlilədilir və əməliyyat tələblərinə birbaşa cavab verəcək şəkildə formalaşdırılır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EDGE   Braziliya   MANSUP  


Bizi "telegram"da izləyin