Ordu.az xəbər verir ki, sözügedən investisiyanın Avropanın müdafiə hazırlığı səviyyəsini artırmağı hədəfləyən 2030 Müdafiə Hazırlığı Yol Xəritəsi ilə 4 əsas müdafiə təşəbbüsünü dəstəkləyəcəyi bildirilib.
Kritik texnologiyalara yönəlmiş genişmiqyaslı investisiya
Seçilmiş layihələrin süni zəka, kiber müdafiə, pilotsuz uçuş sistemləri və antidron həlləri kimi strateji sahələri əhatə etdiyi bildirilib. Avropa Komissiyasının açıqlamasında bu investisiyaların Avropa İttifaqının qabaqcıl müdafiə texnologiyalarında öncül mövqeyini qorumağı hədəflədiyi qeyd olunub.
Layihələrin 15-dən çoxunun Avropa Pilotsuz Uçuş Aparatlarına Qarşı Müdafiə Təşəbbüsü, Şərq Cinahı Müşahidəsi, Avropa Hava Qalxanı və Avropa Kosmos Qalxanı kimi prioritet proqramlara birbaşa töhfə verəcəyi qeyd edilib. Bu təşəbbüslərin Avropanın əməliyyat hazırlığını və dayanıqlılığını artırmağa yönəldiyi vurğulanıb.
Önə çıxan layihələr və texnologiya inkişaf fəaliyyəti
Seçilmiş layihələr arasında yer alan AETHER Layihəsinin pilotsuz sistemlərə qarşı inkişaf etdirilən müdafiə imkanlarını dəstəkləmək məqsədilə hərəkətverici qüvvə və istilik idarəetməsi texnologiyalarına fokuslanacağı bildirilib. Bundan əlavə, sensor sistemləri, rəqəmsal transformasiya vasitələri və kibertəhlükəsizlik həlləri kimi üfüqi sahələrdə aparılan işlərin də digər layihələrə dəstək verəcəyi qeyd olunub.
Ukrayna ilə müdafiə əməkdaşlığı genişləndirilir
Avropa İttifaqının Kiyevdə fəaliyyət göstərən Aİ Müdafiə İnnovasiya Ofisi vasitəsilə Ukrayna müdafiə sənayesi ilə əməkdaşlığı artırdığı bildirilib. Bu çərçivədə həyata keçirilən STRATUS Layihəsi ilə pilotsuz uçuş aparatı sürülərinə qarşı süni zəka əsaslı kiber müdafiə sistemlərinin inkişaf etdirilməsinin planlaşdırıldığı və layihədə ukraynalı bir alt icraçının yer aldığı açıqlanıb.
KOBİ-lər və startaplar prosesə daxil ediləcək
İnnovasiyanın təşviq edilməsi məqsədilə bəzi layihələrdə alt çağırışlar açılaraq startapların və kiçik və orta sahibkarlıq subyektlərinin prosesə qoşulmasının təmin ediləcəyi bildirilib. Bu çərçivədə şirkətlərə 60 min avroyadək dəstək verilə biləcəyi və ukraynalı şirkətlərin də bu imkanlardan yararlana biləcəyi qeyd olunub.
Ümumilikdə 26 Avropa İttifaqı üzvü ölkə və Norveçdən 634 qurumun layihələrdə yer aldığı, iştirakçıların 38%-dən çoxunu KOBİ-lərin təşkil etdiyi və ümumi fondun 21%-dən çoxunun bu şirkətlərə ayrıldığı bildirilib.
Sevinc Əliyeva
Ordu.az